Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycanın sülh qətiyyəti və Ermənistanda seçkilərin ziddiyyəti
Ermənistanda 7 iyun parlament seçkilərinin nəticələri elan olunar-olunmaz təkcə region mediası yox, habelə, dünyanın bir sıra KİV-i, eləcə də siyasi ekspert və müşahidəçilər Baş nazir Nikol Paşinyan iqtidarının ölkədə konstitusion islahatlar keçirmək imkanlarının məhdudluğu barədə fikirlər yaydı. Bu fikirlərin tez bir zamanda dövriyyəyə buraxılması adi məsələ sayıla bilməz. Həm də ona görə adi sayıla bilməz ki, irəli sürülmüş ayrı-ayrı tezislərdə Azərbaycan–Ermənistan sülhünün institsionallaşmasına maneənin yarandığı düşüncəsi tirajlandı. Baxmayaraq ki, Paşinyanın seçkidən sonrakı ilk fikri barış mühitinin fundamentallaşması prioriteti ilə bağlı idi.
Bəli, söhbətin məğzi Ermənistanın indiki parlament strukturu ilə yekun sülh müqaviləsinin imzalanması üçün Bakının irəli sürdüyü şərtin yerinə yetirilməsinin mümkünsüzlüyü üzərindədir. Şərtin əhatəli mahiyyəti isə belədir: Ermənistan konstitusiyasının preambulasında ölkənin 1990-cı il İstiqlaliyyət Bəyannaməsinə istinad olunur. Bəyannamədə göstərilir ki, müstəqil Ermənistan Respublikasının yaranması Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarından qaynaqlanır. Azərbaycan dövləti məhz bu bəndi ölkəmizə ərazi iddiası olaraq qiymətləndirir və bəyan edir ki, sülhün fundamentallığı baxımından belə bir müddəadan uzaq durulmalıdır. Ancaq məsələnin digər – birbaşa Ermənistanın özü ilə əlaqəli tərəfi də var və bu barədə sonda söz açacağıq.
Hələlik onu bildirək ki, xaricdəki bəzi qüvvələr Azərbaycan dövlətinin sülh üçün Ermənistanda konstitusiya dəyişikliyi tələbini maksimalist mövqe kimi qiymətləndirməyə başlayıblar. Yəni Ermənistanda parlament seçkilərinin nəticələri xüsusunda yayılmış və Paşinyan iqtidarının konstitusiya ishalatları keçirməsinin çətinliyini nəzərdə tutan ritorikanın tərkib hissəsində bu cür qiymətləndirmələr yer almaqdadır. Hələ bəziləri daha “irəli gedərək” rəsmi Bakının çətin şərt irəli sürməsini doğru olmayan addım kimi dəyərləndirirlər. Halbuki, heç də belə deyil.
Azərbaycan dövlətinin hər addımı düşünülüb və strateji xarakter daşıyır. Ölkəmiz Ermənistan qanunvericiliyində qonşulara qarşı istənilən formada ərazi iddiası məntiqini, hətta, şübhəsini yolverilməz prinsipial məqam sayır. Çünki xalqımız bu iddianın gətirdiyi ağrı və acıları, məşəqqət və məhrumiyyətləri yaşayıb. Ona görə də bizə möhkəm təminat lazımdır. Təminatı erməni xalqı və cəmiyyəti verməlidir. Bunun üçün isə referenduma gedilməli, konstitusiyanın İstiqlaliyyət Bəyannaməsinə istinadı aradan qalxmalıdır.
Fikrimizi qüvvətləndirmək məqsədilə onu da bildirək ki, hazırda Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirir. Ancaq biz son seçkilərdə ayrıca Azərbaycan mövzusunun ortada olduğunu, geniş müzakirə predmetinə çevrildiyini gördük. Belə bir qəti təəssürat yarandı ki, parlament seçkiləri Azərbaycanla sülh, Türkiyə ilə normallaşma istəyənlərlə istəməyənlərin mübarizəsidir. Mübarizədən birincilər qalib ayrıldılar. Ancaq bu qalibiyyət inamlı olmadı.
Deməli, hay cəmiyyətində sülhə münasibətdə vahid baxış istisnadır. Aydındır ki, belə bir mühit dayanıqlı sayıla bilməz. O da aydındır ki, Paşinyan və tərəfdarları, loru dildə desək, azacıq büdrəsələr, Bakı-İrəvan sülhü istiqamətində irəliləyişlər sıradan çıxacaq, regionun inkişafı baxımından nəzərdə tutulan perspektiv fəaliyyət konturları puç olacaq. İlk növbədə, Azərbaycan və Ermənistan liderlərinin ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin Naxçıvana maneəsiz yolla bağlı TRIPP məntiqi kağız üzərində qalacaq.
Əlqərəz, Azərbaycan sülhün fundamentallığı egidasını rəhbər tutur və bu baxımdan hazırkı erməni iqtidarının seçkinin nəticəsindən, yaxud vəlvələdən, ya zəlzələdən yerinə yetirə bilmədiyi hansısa məsələ onun öz məsuliyyəti kimi qəbul ediləcək. Ermənistanda, yaxud kənarda kimsə barış mühitinin fundamentallığını istəmirsə, ərazi iddiası məntiqinin qorunub saxlanmasına çalışırsa, nəzərə almalıdır ki, Azərbaycanın buna qarşı adekvat tədbirləri mütləq olacaq və bu tədbirləri Ermənistan dövləti ciddi şəkildə hiss edəcək. Ona görə də heç kəs əsas mahiyyətdən kənar durmamalı, loru dildə desək, əl-üz yumağa çalışmamalıdır.
Hamı bilməlidir ki, Azərbaycanın baxışı sülh müqaviləsinin paraflanması ilə onun tam şəkildə imzalanması arasında ciddi fərqi nəzərdə tutur. Yəni müqavilənin ərsəyə gəlməsi Ermənistan üçün daha böyük dividend vəd edir, nəinki paraflanması. Mövcud trayektoriyada Ermənistan demokratik dövlətdir və sair bu kimi təqdimatlar keçərli deyil. Çünki bizim anlayışımızda demokratik ölkənin ərazi iddiası və avantürizmi olmamalıdır. Əgər varsa, deməli, onun demokratiyası topal və şildir. Hesab edirik ki, erməni iqtidarı kimi, erməni cəmiyyəti və xaricdəki ermənipərəstlər də bu barədə düşünsələr, daha yaxşıdır. Kimsə ağlına gətirməsin ki, indiki şərtlərlə Azərbaycanı yekun sülh müqaviləsinin imzalanmasına razı salmaq mümkündür.
Sonda söz açacağımız məqama keçid alaq. Məsələ ondadır ki, Ermənistan konstitusiyasının İstiqlaliyyət Bəyannaməsinə istinadı Ermənistan Respublikasının müstəqil dövlət kimi varlığını şübhə altına alır. Ortaya elementar sual çıxır: Bir halda ki, Ermənistan dövlətinin varlığı başqa dövlətin, indiki halda, Azərbaycanın ərazisində hazırda mövcud olmayan muxtar qurumun hansısa qondarma qərarına əsaslanır, belə varlıqdan danışmağa dəyərmi? Bu, nə dərəcədə legitimdir?
...Muxtariyyət, habelə, bu qurum üzərində qərarlaşmış separatçı rejim yoxdursa, Ermənistan dövləti də yox kimidir. Üstəlik, vurğuladıq ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu tanımada separatizmi xarakterizə edən Qarabağ məntiqi yoxdur. Deməli, ortada yazılı formadakı ziddiyyət də aradan qalxmalıdır. Digər tərəfdən, Ermənistan hakimiyyəti ölkə üçün “Qarabağ hərəkatı”nın bitdiyini bəyan edir. Bu mənfur hərəkat bitibsə, onun adını simvolizə edən heç bir ifadəyə və cümləyə erməni qanunvericiliyində yer olmamalıdır. Başqa sözlə desək, münaqişə məntiqi hansısa formada saxlanılmamalıdır. Çünki bu məntiq sülhün perspektivini ciddi şəkildə şübhələndirir.
Sözümüz ondadır ki, Azərbaycanın irəli sürdüyü tələb həm də vurğuladıqlarımız baxımından yerindədir. Hələlik yerində olmayan erməni cəmiyyətinin sülh yolundakı qətiyyətidir. 7 iyun parlament seçkilərində Paşinyan iqtidarının qalib gəlməsinə baxmayaraq, revanşist və şovinistlərin Ermənistan parlamentində geniş təmsilçiliyi onu söyləməyə əsas verir ki, hay cəmiyyəti sülh yolunda yetəri qədər qətiyyətli deyil. Xaricdə kimlərin seçkini nə cür qiymətləndirməsindən, təriflər yağdırmasından asılı olmayaraq, durum məhz belədir. Paşinyan da seçkidən əvvəl bildirmişdi ki, mübarizə müharibə və sülh tərəfdarları arasında gedəcək. Nəticə onu göstərdi ki, ikincilər birincilərdən ciddi şəkildə üstün deyillər. Halbuki...
Ə.RÜSTƏMOV
XQ