Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 31 yanvar, Pərvanə Qafarova, foto - İlkin Cavanşirov, AZƏRTAC
Ölkəmizdə artıq bir neçə uğurlu orqan transplantasiyası həyata keçirilib və bu il də əməliyyatlar davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri, həkim-reanimatoloq Yeganə Abbasova bildirib.
Y.Abbasova qeyd edib ki, hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir və bu sırada 4 642 Azərbaycan vətəndaşı da var. Onların çoxu canlı donor tapmadıqları üçün rəsmi gözləmə siyahısında yer almır.
“Donor olmaq üçün bir sıra şərtlər mövcuddur. Meyit donorlarında beyin ölümü təsdiqlənməli, orqanlar sağlam və transplantasiya üçün uyğun olmalıdır. Canlı donor yalnız bəzi orqanlar, məsələn, böyrək və qaraciyər verə bilər. Bu, hər kəs üçün mümkün olan bir şərəfdir, amma hər kəsə qismət olmur”, – deyə mərkəzin rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, vahid informasiya sistemi xəstələr və donorlar arasında uyğunluğu avtomatik müəyyən edir. “Məsələn, donor çıxarsa, sistem xəstələr arasında uyğunluğu genetik və klinik göstəricilər əsasında seçir. Bu proses heç kim tərəfindən əvvəlcədən proqnozlaşdırıla bilməz”, – deyə o bildirib.
Yeganə Abbasova orqan donorluğu və transplantasiya sahəsində maarifləndirmə işlərinin genişləndirildiyini, bunun yalnız Səhiyyə Nazirliyinin deyil, Elm və Təhsil Nazirliyi, eləcə də digər dövlət qurumlarının birgə təşəbbüsü olduğunu qeyd edib.