“Hazırda taksilərin böyük əksəriyyəti Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərməyə üstünlük verir”

30.01.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanda taksilərin fəaliyyəti yalnız buraxılış kartında göstərilən ərazi ilə məhdudlaşacaq. Bizimyol.info yerli mətbuata istinadən xəbər verir ki, sürücülərə bildirilib ki, Sumqayıt və Bakı ərazisində sifarişləri yalnız müvafiq şəhər üçün qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirir ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, buraxılış kartında müəyyən edilmiş ərazidən kənar sərnişindaşımaları 50 manat cərimə ilə nəticələnir. Sürücülər fəaliyyət göstərmək istədikləri şəhər üzrə müvafiq kartı AYNA-dan ala bilərlər. Nazirlər Kabinetinin qərarına görə, Bakı şəhərində taksi buraxılış kartlarının sayı 25 000 ədəd müəyyən edilib.Bakı və Sumqayıtda taksilərin fəaliyyətinin buraxılış kartları ilə məhdudlaşdırılması bazara və sərnişin xidmətinə hansı təsirləri göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, mövcud problemlər aradan qalxmasa, məsələyə alternativ həll yolları axtarılmalıdır: “Taksilərə buraxılış kartlarının verilməsinin məhdudlaşdırılması ilə bağlı bir neçə məqamı qeyd etmək olar. Ən vacib məsələlərdən biri nəqliyyat vasitələrinin idarə olunmasında vahid və sistemli yanaşmanın formalaşdırılmasıdır. Xüsusilə taksilər üçün bu, əsas element rolunu oynayır. Ərazi üzrə konseptual və düzgün planlaşdırma tətbiq olunduğu halda, bu həm sürücülər, həm də vətəndaşlar üçün daha rahat və səmərəli xidmətin göstərilməsinə imkan yaradar.

Belə bir yanaşma taksilərin hərəkət trayektoriyalarını sürətləndirə, sürücülərə əraziləri daha yaxşı tanımaq və marşrutları effektiv şəkildə seçmək imkanı verə bilər. Bu da xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olar. Bax bu əsas meyarlardan biridir.

Əgər mövcud problemlər aradan qalxmasa, məsələyə daha praqmatik yanaşmalı və alternativ həll yolları axtarılmalıdır. Hazırda taksilərin böyük əksəriyyəti Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərməyə üstünlük verir. Bunun əsas səbəbi şəhər mərkəzində yaranan sıxlıq, vaxt itkisi və nəticədə gəlirlilik səviyyəsinin aşağı düşməsidir. Bu səbəbdən sürücülər daha çox kənar ərazilərə sərnişin daşımağa meyl edirlər ki, bu da onların iqtisadi problemlərini qismən həll etməyə imkan versin”.

Aslan Əsədov

“Bu gün nəqliyyat vasitələrinin texniki parametrlərinin ölçülməsi sahəsində daha praqmatik çıxış yollarının axtarılması labüddür. Nəqliyyat vasitələri üçün daha konseptual həllərin işlənib hazırlanması, eyni zamanda bu sahədə mövcud prosedur və qaydaların dəqiq bilinməsi vacibdir. Əks halda, məsələlər müzakirə səviyyəsində qalacaq və mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Problemin həlli bütöv və sistemli yanaşma ilə mümkündür. Yalnız bu halda sözügedən məsələlərin konseptual həllindən danışmaq olar”-deyə ekspert Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью