Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hər bir cəmiyyətin inkişafında ailənin mühüm rolu mövcuddur. Ailə sağlam və mehriban olsa, milli mənəvi-əxlaqi dəyərlərin yaşadılması üçün səylər göstərsə, bundan cəmiyyət böyük mənfəət qazanmış olar”. Bu fikirləri mətbuata açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev deyib. Onun sözlərinə görə, ailə özündə təkcə cütlüklərin nikahını deyil, həm də yeni qohumluq əlaqələrinin qurulmasına təkan olur, hüquqi, sosial, iqtisadi əlaqələri birləşdirir: “Ailə dövlət için də kiçik dövlət hesab olunur. Dövlətin özünün qanunları və qaydaları olduğu kimi ailənin də özünəməxsus qaydaları, ailə üzvlərinin birlikdə qəbul etdikləri qanunları mövcuddur. Ailələr nə qədər xoşbəxt olsalar, millətimiz və dövlətimiz də o qədər güclü və qüdrətli olar. Ona görə də, ailələrin birliyi və onların tariximizdən süzülüb gələn dəyələrinə riayət etməsi və bu dəyərlərin yaşadılması üçün səylər göstərmələrinə zərurət var”.
İ.Əliyev onu da bildirib ki, valideynlər uşaqlara münasibətdə daha səmimi və həssas olmalıdır: “Bütün hallarda valideynlər uşaqları arasında fərq qoymamalıdır. Bu vəziyyət də özünün kənarda qaldığını, sevilmədiyini hiss edən uşağın psixologiyasına təsir edir. Yaşa dolduqca bu təsirlər uşağın düşüncəsində və təfəkküründə mənfi izlər buraxır. Nəticədə yetkinlik yaşına çatdıqda uşaq ailə üzvlərinə qarşı münasibətdə xoşagəlməz münasibət nümayiş etdirir. Hətta ailə üzvləri ilə əlaqələrini kəsir və özünə daha yaxın hesab etdiyi, onu başa düşən şəxslərlə əlaqələr qurmağa çalışır. Bu isə ailə üzvləri arşında münasibətlərin kəsilməsinə gətirib çıxarır. Müəyyən hallada isə valideynlər oğlan uşaqlarına daha çox üstünlük verirlər. Oğlan uşaqları qız övladlarının gözü qarşısında əzizlənir, diqqət göstərilir. Bu biganə münasibət qız uşaqlarının xarakterlərinin dəyişməsinə, müəyyən yaş dövründə aqressiv olmalarına gətirib çıxarır. Valideynlər hətta müəyyən xüsusiyyətlərinə görə, övladlarından birini daha çox istəsə belə, bunu büruzə verməməlidir. Eyni zamanda, uşağı təhdid etmək, onu yersiz halda günahlandırmaq, ittiham etmək olmaz. Bu, uşaqların sinirinə mənfi təsir göstərir. Uşaqlar sevildiklərini başa düşəndə razı qalırlar, böyük məhəbbətlə ailələrinə bağlanırlar. Yaşanan bu cür müsbət vəziyyəti gələcəkdə uşaqlar öz ailələrində tətbiq edirlər. Hesab edirəm ki, gələcəyimiz olan uşaqların sağlam, dəyələrimizə hörmət ruhunda tərbiyə etmək valideynlərin üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti nəzərə alaraq ailə dəyələrinə riayət edilsə, köklü problemlər aradan qalxar və cəmiyyətimizin inkişafına təkan ola biləcək sağlam, nümunəvi ailə modeli yaradılar”.
Afət Tahirqızı