Həbsdən çıxdı, 4 obyektdən oğruluq etdi

27.01.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtda "Osmanlı” iaşə obyektində, "Lavetti”, "Rəşad Telecom” və "Sumqayıt shopping” mağazalarında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Osmanlı”ya 865 manat, "Lavetti”yə 1500 manat, "Rəşad Telecom”a 334 manat, "Sumqayıt Shopping”ə isə 150 manat ziyan dəyib. 

Sumqayıt polisinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib. 

Dəfələrlə məhkum olunmuş və yenicə həbsdən çıxmış Samir Rəşidov (şərti) ibtidai istintaq zamanı oğurluq cinayətini törətdiyini etiraf edib.  Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Samir Rəşidov məhkəmə zamanı özünü verilmiş ittihamla qismən təqsirli bilib. O, dəymiş ziyanın məbləğinin şişirdildiyini iddia edib.  Təqsirləndirilən şəxs həmçinin saxlanılan zaman üzərində narkotik maddə aşkarlanmasının yalan olduğunu, bu baxımdan 234.1-ci maddəsi ilə verilmiş ittihamı qəbul etmədiyini bildirib. 

Məhkəmənin hökmü ilə Samir Rəşidova 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay, 234.1-ci maddə ilə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bu cəzalar qismən toplanılıb və Samir Rəşidova qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun şübhəli şəxs kimi tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müdətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Seyid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью