Həbsdən çıxıb bibisinin evinə basqın etdi

06.10.2026

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkir rayonunda bibisinin evinə basqın edərək quldurluq törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs daha əvvəl Şəmkir Rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya və ya digər anbara qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2026-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

İttihama görə, azadlığa çıxdıqdan sonra Şəmkir rayonunun Şiştəpə kəndinə qayıdan şəxs qonşuluqda yaşayan qohumunun evinə basqın etmək qərarına gəlib.

Məhkəmə hökmündə göstərilib ki, o, zərərçəkmiş şəxsin həyat yoldaşının evdə olmadığını müəyyən etdikdən sonra gecə saatlarında evə daxil olub. Hasardan keçən təqsirləndirilən şəxs evin pəncərəsindən içəri girərək yataq otağına keçib və çarpayıda uzanan zərərçəkmiş şəxsin üzərinə hücum edib.

O, zərərçəkmiş şəxsin boğazından tutaraq ağzını bağlayıb və pul tələb edib. Müqavimətlə qarşılaşdıqda isə boğaz nahiyəsini sıxaraq zor tətbiq edib.

Hadisə zamanı zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində qançır və sıyrıqlar yaranıb. Məhkəmə sənədlərində həmin xəsarətlərin sağlamlığa zərər vurmayan xəsarətlər olduğu qeyd edilib.

Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qonaq otağına aparıb və onun boynunda olan 583 əyarlı, 8 qram çəkidə, dəyəri 1120 manat göstərilən qızıl boyunbağını dartaraq qoparıb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib. O, hadisəni törətmədiyini, həmin vaxt Şəmkir şəhərində olduğunu bildirib.

Bununla yanaşı, məhkəmə baxışı zamanı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələr də elan olunub. Məhkəmədə elan olunan əvvəlki ifadələrində təqsirləndirilən şəxs cinayəti törətdiyini etiraf edib.

O bildirib ki, azadlığa çıxdıqdan sonra işsiz olduğundan pul əldə etmək barədə düşünməyə başlayıb. Qohumunun evinə getdiyi zaman onun gəlini Sevincin boynunda qızıl boyunbağı görüb və həmin zinət əşyasını pula çevirə biləcəyini düşünüb.

İstintaqa verdiyi ifadəyə əsasən, hadisə gecəsi evdən çıxaraq kənddə gəzişib, daha sonra bibisinin evinə getmək qərarına gəlib.

Təqsirləndirilən şəxs evə daxil olmaq üçün bir neçə qonşunun həyətindən keçdiyini, dəmir torların üzərindən tullandığını bildirib. Qohumunun həyətinə daxil olmaq üçün qapıları yoxlasa da, onların bağlı olduğunu görüb.

Daha sonra evin qarşısına qayıdan şəxs hasardakı qaz borusundan istifadə etməklə evin yan tərəfinə keçib və dəmir pilləkən vasitəsilə həyətə düşüb. Ardınca evin pəncərələrindən birinin açıq olduğunu görərək içəri daxil olub.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi (yaşayış sahəsinə, habelə binaya və ya digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla quldurluq) ilə tövsif edib.

O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə əvvəlki cinayət üzrə təyin edilmiş cəzanın şərti olaraq vaxtından əvvəl çəkilməsinə dair qərarı da ləğv edib. Beləliklə, əvvəlki hökmdən qalan 4 ay 16 gün müddətində azadlıqdan məhrumetmə cəzası yeni cəza ilə qismən birləşdirilib.

Nəticədə təqsirləndirilən şəxsə qəti olaraq 9 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью