Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 yanvar, AZƏRTAC
Türkiyə-Azərbaycan münasibətləri hər keçən gün inkişaf edir. Şuşa Bəyannaməsi ilə bu münasibətlərin səviyyəsi müdafiə və əməkdaşlıq sahəsində fərqli bir məzmun qazanaraq daha da yüksəlib. Şuşa Bəyannaməsindən sonrakı proseslərdə də Türkiyə-Azərbaycan münasibətləri Türk Dövlətləri Təşkilatı üçün nümunə ola biləcək dərəcədə mühüm mərhələyə çatıb.
Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq İsmail Cingöz bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının gələcəkdə Türkiyə-Azərbaycan münasibətləri əsasında daha güclü birlik və həmrəylik yaratma ehtimalı, Türk dünyasından kənarda olan bəzi ölkələri narahat edir. Xüsusilə yeni qlobal sistemin formalaşdığı bir dövrdə Türk dünyasının üçüncü qütb kimi beynəlxalq arenada möhkəmlənə biləcəyi ehtimalı müəyyən dairələri təşvişə salır. Məhz bu səbəbdən Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri zəiflətmək məqsədilə dezinformasiya kampaniyaları aparılır, qərəzli və həqiqətə uyğun olmayan məlumatlar dövri olaraq media məkanında tirajlanır. Lakin Türkiyə-Azərbaycan münasibətləri adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər hər hansı maraq hesabına deyil, ortaq tarixə, milli kimliyə və sarsılmaz qardaşlığa əsaslanan strateji bir bağdır.
“Bu münasibətlər “bir millət-iki dövlət” anlayışı ilə ifadə olunan, bir atanın iki övladı kimi formalaşmış sarsılmaz qardaşlıq bağlarıdır. Buna baxmayaraq, düşmən qüvvələr, fitnə və təxribatçılar hər zaman bu əlaqələri zəiflətmək üçün fürsət axtarır və mövcud imkanlardan yararlanmağa çalışırlar. Keçən yay aylarında Türk dünyasının Şimali Kipr məsələsi üzərindən qərəzli şəkildə gündəmə gətirilməsi nə qədər məqsədli idisə, Türkiyə-Azərbaycan münasibətlərini baltalamağa yönəlmiş cəhdlər də eyni dərəcədə məqsədli, lakin nəticəsizdir. Bu münasibətləri heç bir qüvvə poza bilməz. Bu əlaqələri izah etmək üçün sıradan siyasi anlayışlar kifayət etmir. Bu qardaşlıq münasibətləri tariximizin ən qədim dövrlərindən formalaşaraq bu günə qədər davam edib. Azərbaycan və Anadolu türkləri əsrlər boyu eyni kökdən, eyni soydan gələn xalqlar olub, Türk millətinin qurduğu dövlətlər silsiləsinin ayrılmaz parçası kimi tarix səhnəsində yer alıb”, deyə politoloq əlavə edib.
İ.Cingöz sonda vurğulayıb ki, heç bir beynəlxalq termin və ya rəsmi tərif Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini tam şəkildə ifadə edə bilməz. Bu münasibətlər bir neçə təxribatçının yaydığı yalan və dezinformasiya ilə sarsıla biləcək əlaqələr deyil. Lakin bununla yanaşı, düşmənə və fitnəyə fürsət verməmək də son dərəcə vacibdir. Bu məsələ yalnız dövlətlərarası səviyyədə deyil, eyni zamanda, vətəndaş cəmiyyəti institutları və media qurumları arasında əlaqələrin möhkəm saxlanılması, kənardan gələ biləcək hər cür manipulyasiyanın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu qardaşlıq bağlarını qorumaq üçün hər sahədə diqqətli və məsuliyyətli davranmaq lazımdır.