Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Odur ki, heç kim unudulmur, heç kim yaddan çıxmır.
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.
Haqqında söz açacağımız qəhramanımız Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Zabit oğlu Abuşov 1983-cü il iyunun 18-də Qəbələnin Nohurqışlaq kəndində anadan olub. 1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) peşəkar hərbi biliklərə yiyələnib.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa istiqamətində şəhid olub. Qəbələdə torpağa tapşırılıb. Özündən sonra 1 oğlu və 1 qızı Vətənə əmanətdir.
2020-ci ilin oktyabrında mayor Bəhruz Abuşova polkovnik-leytenant rütbəsi verilib. O, Vətəninə şərəflə xidmət etdiyi vaxtlarda "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley, "Qüsursuz xidmətə görə" 1, 2 və 3-cü dərəcəli medalları ilə təltif edilib.
Qeyd edək ki, polkovnik-leytenant Bəhruz Abuşov işğal altında olan torpaqların azad edilməsində xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət ordeni", "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin əmisi oğlu Eltun Abuşov deyir ki, o, heç vaxt işi barədə danışmadığından Bəhruz haqqında aldıqları məlumatlar yalnız tabeliyində olan əsgər və zabit yoldaşları tərəfindən söylənilmiş kiçik xatirələrlə məhdudlaşır: "Vətən Müharibəsi başlayanda Bəhruz əsgərləri ilə birlikdə ön sıralarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər. 2020-ci ilin oktyabrında müharibə zamanı polkovnik-leytenant rütbəsi alıb.
Bəhruz Vətən müharibəsində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb, yenidən döyüş bölgəsinə qayıdıb. Hərbçi yoldaşları təkidlə ona “sağalmadan döyüş meydanına qayıtma” desələr də o, “mən əsgərlərimi və zabit yoldaşlarımı orada tək qoya bilmərəm” , - deyə cavab verib. Əslində Bəhruzun hərbdə işi sırf döyüş meydanı ilə bağlı deyildi. O, xidmət rəisi idi. Amma "müharibədə hər kəs sıravi əsgərdir" deyərək yaralı-yaralı Şuşa uğrunda gedən döyüşlərə qatılıb. Şuşada yaralıların daşınmasında və açıq döyüşlərdə xüsusi fəallıq göstərib. Döyüş yoldaşları Şuşadakı xüsusi şücaətinə görə Bəhruza “Şuşa qartalı” adı veriblər".
Eltunun sözlərinə görə, Azərbaycan Ordusunun şəhid zabiti səcdə formasında şəhadətə ucalıb: "Şuşa tamamilə azad olunduqdan sonra ermənilər yenidən ordu yığaraq, Şuşanı geri qaytarmaq üçün düşmən Laçın istiqamətindən ağır artilleriya ilə hücuma keçmək istəyiblər. Amma Bəhruz və onun silahdaşları həmin dəstəni darmadağın ediblər. Hücum sırasında Bəhruzgil yüksəklikdə olub. Döyüş tamamilə bitdikdən sonra ya komandir ya da yoldaşlarından kimsə uşaqlara tapşırıb ki, "gedin Bəhruza deyin, hər şey bitib, düşmən tamamilə məhv edilib, qayıdıb gəlsin". Amma əsgərlər ona yaxınlaşanda görüblər ki, Bəhruz sanki səcdə edirmiş kimi yerdə qalıb, şəhid olub. Bir məsələni də qeyd edim, qohumlar Bəhruzun nəşini Füzulidən götürməyə gedəndə eşidib ki, oradakılar onun cənazəsini “Şuşa qartalı hardadır? " - deyə axtarıb ağlayırlar. Bəhruzun şəhid olmasından bir neçə saat sonra atəşkəs imzalandı və hamı qələbə sevincini yaşadı. Buna görə də indi Qəbələ camaatı, “Polad Həşimovla başlayan müharibə Bəhruz Abuşovla bitdi",- deyir.
Müşfiq MİRZƏ
XQ