Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Heç bir yerə baxmadan Azərbaycanın və regionun xəritəsini yüksək dəqiqliklə lövhəyə çəkən şəxs Bəkirov Hilaldır.
BAKU.WS xəbər verir ki, Hilal Bəkirovun çəkdiyi şəkilin görüntüsü sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu.
Çox insan onun bunu necə etməsinə mat qaldığını və yüksək istedada sahib olduğunu vurğulayıb. Bəziləri isə onun bunu edərkən hansısa şəkilə baxdığını deyirlər.
Sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olan Hilal Bəkirovla əlaqə saxlamaq qərarına gəldik. Onun Şamaxı rayonu Əngəxaran kəndində yaşadığını öyrəndik.
Hilal Bəkirovla əlaqə saxladıqda ilk sualımız bu xəritəni necə çəkdiyini bizə danışması oldu.
"Mən əvvəllər istirahət mərkəzlərin birində çalışırdım. Həmin dövrdə torpaqlarımız işğaldan azad olunmamışdı.
Həmin mərkəzə xarici qonaqlar gəlirdi. Onlar da inanmırdılar ki, mən bu xəritəni heç yerə baxmadan çəkirəm.
Bəziləri kağızı qaldırıb, altına baxırdılar ki, bəlkə altında onun şəklini qoymuşam. Həmin fotonun aksini çəkirəm. Görürdülər ki, orijinaldır. Onlar mənim çəkdiyim xəritələri aparırdılar", - deyə qəhrəmanımız bildirib.
Hilal Bəkirov deyir ki, heç bir ali məktəbi bitirməyib. Onun sözlərinə görə, oxumağa böyük həvəsi olsa da, maddi imkanı ona təhsilini davam etdirməyə imkan verməyib.
"Orta məktəbdə çox yaxşı oxumuşam. Dərsə gedəndə geyim, dəftər, kitab baxımından çox əziyyət çəkirdim. Kitab almağa imkanımız yox idi.
Lakin sinifdə müəllim dərsləri danışanda dinləyib, yadda saxlayırdım. Uşaqlar tənəffüsdə yemək yeyəndə, oynayanda, mən onların kitabını oxuyub, dərləri yadımda saxlayırdım".
Hilal Bəkirov deyir ki, ali savadı olmasa da, rayon ərazisində ictimai işlərdə həmişə aktiv olub.
Qalereya