Həddindən artıq düşünmək qərar qəbulunu çətinləşdirir

07.11.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

"Overthinking" həddindən artıq düşünmək, bir məsələni təkrar-təkrar analiz edib ondan çıxış yolu tapmaqda çətinlik çəkmək deməkdir. Bu hal insanı narahatlıq, stress və yuxusuzluq kimi problemlərlə üz-üzə qoya bilər. "Overthinking" zamanı beyin daim “nə olardı əgər…” kimi suallar içində qalır və bu, həm emosional, həm də zehni yorğunluğa səbəb olur. Ondan xilas olmağın əsas yolu fikri bu andakı reallığa yönəltmək və zehni sakitləşdirən fəaliyyətlərə məsələn, meditasiya və nəfəs məşqlərinə yer verməkdir.

Bu barədə psixoloq Nabat Mirzəyeva Missiya.Az-a danışıb.
"Bizim bəzən hər şeyi təkrar-təkrar düşünməyimizin səbəbi səhv etməkdən qorxduğumuz üçündür. Təkrar-təkrar düşünürük ki, birdən düşüncələrimizdə hər hansı bir yanlışlıq ya da səhv ola bilər. Bu səhvliklərdən qaçınmaq üçün biz istər-istəməz bir hadisə haqqında dəfələrlə düşünürük. Belə yanaşma tərzi ilə gələcəkdə də baş verə biləcək neqativ halların qarşısını ala biləcəyimizə inanırıq".
Psixoloqun sözlərinə görə, bu yolla problemi həll edə biləcəyimizi düşünürük amma unuduruq ki, problemi həll etmək dəfələrlə düşünmək deyil. Onun həll yoluna yönəlmək lazımdır. Bunun əksini etdiyimizdə özümüzə inamsızlıq, güvənsizlik və tükənmişlik hissi yaranır. "Overthinking" bizim gərginliyimizi artırır və qərar qəbul etmə prosesini zəiflədir. Bu hallarda yuxu pozğunluğu, stress, qərar qəbulunda çətinlik, enerji itkisi, emosional tükənmə və fikir dağınıqlığı özünü göstərir. Biz çox düşündükdə bədənimiz tonusdan düşür, immunitet zəifləyir.

"Zehni rahatlığı əldə etmək üçün ilk öncədə bizi nəyin narahat etdiyini öz içimizdə dəqiqləşdirməliyik. Nələr baş verir ki, mən bu dərəcədə düşünürəm sualını özümüzə yönəltmək lazımdır. "Bu məni niyə bu dərəcədə incidir?" Bu istiqamətdə analizdən imtina etmək lazım deyil, sadəcə özümüzə limitli vaxt təyin etməliyik. Məsələn 20, 25 və sair, yanlız bu dəqiqələr ərzində düşümək lazımdır. Bir var ki, bütün gününü buna sərf etmək, digəri də limitli zamanını buna xərcləmək. Çünki həyat bir nöqtədən, bir yerdən ibarət deyil. Bir çox yaşanmışlıq və hekayələr var. Düşüncələrimizi dəftərə yaza bilərik ki, sizi nə narahat edir. Nələr baş verir ki, bu qədər incidir səni, özünlə söhbət hər zaman faydalıdır. Özünü analiz etməyi bacarmaq lazımdır. Bu istiqamətdə sizi inkişaf etdirəcək bacarıqlara yönəlmək, idmanla məşğul olmaq, musiqi dinləmək, kiçik də olsa kitablar oxumaq, meditasiyalar, nəfəs terapiyaları etmək vacibdir. Bizə nə yaxşı təsir göstərir və xoşbəxt edirsə, onunla məşğul olmalıyıq".
İlahə Qənbərli
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью