Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Gündəlik həyatda insanı ən çox yoran məsələlərdən biri də baş verən hadisələri dəfələrlə beynində analiz etmək, keçmişdə yaşananları yenidən düşünmək və gələcəkdə baş verə biləcək vəziyyətləri əvvəlcədən təsəvvür etməyə çalışmaqdır.
Bəzən adi bir məsələ belə uzun müddət insanın fikrindən çıxmır və bu, zamanla psixoloji gərginliyə səbəb ola bilir.
Həddindən artıq düşünmək insanın emosional vəziyyəti ilə yanaşı, yuxusuna, diqqətinə və gündəlik fəaliyyətinə də təsir göstərə bilər.
Bəs insan niyə hər şeyi bu qədər çox düşünür və bu proses nə zaman psixoloji yorğunluğa çevrilir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, həddindən artıq düşünmək insanın psixoloji vəziyyətinə mənfi təsir göstərir və zamanla emosional yorğunluğa səbəb olur:
“Belə ki, insan bir hadisəni olduğu kimi qəbul etmək əvəzinə ona reallıqdan kənar məna, təhlükə və dəyər yükləyir. Bir müddət sonra hadisənin özü yox, insanın onun haqqında qurduğu düşüncələr həyatına təsir etməyə başlayır.
İnsan nəyisə reallıqdan kənar özü üçün dəyərə çevirirsə, artıq bu dəyər deyil, dərddir. Beyin eyni məsələni dönə-dönə işlədikcə insan zehni olaraq tükənir, qərar vermək çətinləşir və psixoloji yorğunluq artır. Düşünmək problemin həlli deyil.
Problem üzərində nəzarətsiz dövr etməkdirsə, düşüncə artıq insana xidmət etmir, insan düşüncənin içində ilişib qalır. İnsanın keçmişi düşünməsi, gələcəyi planlaşdırması və baş verə biləcək hadisələri nəzərdən keçirməsi normaldır. İnsan sosial canlıdır və düşünmək onun həyatının təbii hissəsidir”.
Onun sözlərinə görə, problem düşüncənin davamlı xarakter alması və insanın həyatını bu düşüncələrə bağlamasıdır:
“Keçmiş dəyişmir, gələcək isə hələ baş verməyib. İnsan isə bu ikisinin arasında yaşadığı anı itirə bilər. Davamlı düşünmək yuxuya getməyi çətinləşdirir, diqqəti parçalayır, gündəlik fəaliyyətə və qərarverməyə təsir edir.
Əgər düşüncələr insanın əmək, şəxsi və sosial həyatını idarə etməyə başlayırsa, bu artıq sadəcə çox düşünmək deyil, psixoloji problemin göstəricisidir”.
Psixoloq qeyd edib ki, belə vəziyyətdə psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: düşünmək Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin