Həddindən artıq isti planet atmosferini necə qoruyur?

28.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

ScienceDaily-nin oktyabrın 27-də dərc etdiyi məlumata görə, Ceyms Vebb Kosmik Teleskopu Yerdən təxminən 280 işıq ili uzaqlıqda yerləşən TOI-561 b ekzoplanetində qalın atmosferin mövcudluğuna dair dəlillər əldə edib. Səthi ərimiş süxurlarla örtülmüş bu planetin güclü ulduz şüalanmasına baxmayaraq atmosferini qoruyub saxlaya bilməsi alimlərin diqqətini çəkib.

37 saatlıq müşahidələrin nəticələrinə əsasən, planet öz ulduzundan gələn işığın təxminən 75 faizini əks etdirir. Tədqiqatçıların modellərinə görə, atmosferdəki silikat minerallarından ibarət buludlar şüalanmanın bir hissəsini kosmosa qaytararaq səthin həddindən artıq qızmasını zəiflədə bilər. Atmosfer istiliyin planetin işıqlı tərəfindən qaranlıq tərəfinə ötürülməsini də təmin edir.

Atmosferin dəqiq kimyəvi tərkibi hələ müəyyən edilməyib. Alimlər onun karbon qazı və ya kükürd dioksidi ilə zəngin olduğu qənaətindədirlər. Digər fərziyyəyə görə, səthdəki ərimiş süxur okeanı atmosferə davamlı qaz buraxaraq onun yenilənməsində mühüm rol oynayır. Gələcək müşahidələr planetin atmosferini necə qoruduğunu və hansı maddələrdən təşkil olunduğunu aydınlaşdırmağa imkan verəcək.

Hazırladı:
S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью