Hədəfləri boyundan böyükdür... Fotolar

20.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İyunun 20-də Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə parad təşkil edilib.

Bildirilib ki, olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. İştirakçılar 21–26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.

Rəsmi açılış mərasimindən sonra tədbirin bədii hissəsi çərçivəsində konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir. Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal
























Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью