Hədələdiyi prezidentlə görüşdü, “böyük şərəfdir” dedi Fotolar

04.02.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə qapalı görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüş Trampın daha əvvəl Petronu narkotik qaçaqmalçılığı ilə bağlı sərt şəkildə ittiham etməsi və hətta hərbi müdaxilə ilə hədələməsindən sonra baş tutub.

Qapalı görüşdən sonra tərəflər rəsmi açıqlama verməsələr də, həm Ağ Ev, həm də Kolumbiya Prezidenti Petro görüşə dair fotoları sosial şəbəkələrdə paylaşıb.

Ağ Evin yaydığı şəkillərdən birində Kolumbiya nümayəndə heyətinin üzvlərindən birinin əlində “Kolumbiya narkoterrorçulara qarşı ABŞ-nin bir nömrəli müttəfiqidir” yazılmış sənəd tutduğu diqqət çəkib.

Kolumbiya Prezidenti Qustavo Petro da Tramp tərəfindən ona təqdim edilən bir foto və qeydi paylaşaraq, üzərində “Qustavo, böyük şərəfdir. Kolumbiyanı sevirəm” sözləri yazılmış mesajı yayımlayıb. Fotoda iki liderin ayaqüstə əl sıxdığı görünür.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Qustavo Petronu narkotik qaçaqmalçılığı ilə ittiham edərək, Kolumbiyanın “kokain istehsal edib ABŞ-yə satan” bir lider tərəfindən idarə olunduğunu iddia etmişdi. Tramp Venesuelada həyata keçirilən əməliyyatlara bənzər hərbi müdaxilənin zərurət yaranacağı təqdirdə Kolumbiyada da mümkün ola biləcəyini bildirmişdi.

Kolumbiya Prezidenti Petro isə bu açıqlamalara cavab olaraq ölkəsinin narkotiklərlə mübarizədə əldə etdiyi nəticələri xatırlatmış və hökumətinin rekord miqdarda kokain müsadirə etdiyini vurğulamışdı. ABŞ-nin Kolumbiyada narkotik qaçaqmalçılarına qarşı hərbi əməliyyata başlamasının mülki itkilərə səbəb ola biləcəyini bildirən Petro “Kolumbiyanı müdafiə etmək üçün silah götürməyə hazıram” deyə bəyan etmişdi.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью