Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Kitab... Dünyada yaradılmış ən dəyərli vasitədir. Kitab insanın ən yaxın dostu, ömrünün bəzəyidir. Kitab sirdaşdır, hər an pıçıltılarını dinləyən, sənə düzgün yol göstərən əsl dost. Kitab vaxtdır, bəzən ilişib qalan saatları sürətlə irəliyə doğru aparan, günün haradan gəlib haraya getdiyindən insanı bixəbər edən vasitədir.
Hər kəsin yanında olub, bir gün səndən uzaqlaşdığı təqdirdə kitab səninlə qalan, dərd-sərinə şərik olan vasitədir. Kitab milyonlarla insanla tanışlıqdır. Minlərlə insan taleyi ilə tanışlıqdır. Düz yolun göstəricisi, əyri yolun düşmənidir.
Kitab xarakterdir. İnsan xarakterinin düzgün formalaşmasında tərbiyəedicidir. Nəyi necə etməyi göstərən, nəyi harada danışmağı öyrədən müəllimdir. Əməyi, zəhməti misilsiz olan müəllim. Haqqı ödənilməyən öyrədicidir.
Kitab yol yoldaşıdır. Hər an yanındadır. Dünyanın harasında olsan, hansı səbəbdən olsan, yanında tək olandır. Səni tək qoymayan, darıxmaqdan uzaq saxlayan, münasib olmayan dostluqlardan çəkindirən yoldaşdır. Harada gəldi dərdini sonadək dinləyən, yaralarına məlhəm olan yolyoldaşıdır.
Kitab taledir. Mənim, sənin, hamımızın taleyidir. Bir-birimizə sirrimizi-sözümüzü demədiyimiz halda, kitab bizləri bir-birimizin taleləri ilə tanış edən vasitədir. Kiminsə taleyinə acıdığımız, kiminsə taleyinə sevindiyimiz, pisi pis, yaxşını yaxşı kimi tanıtdıran, öyrədəndir.
Kitab xatirədir. Uşaqlıqdan gəncliyə, gənclikdən ahıllığa ərməğan olan xatirələr toplusudur. Bir dəfə səhifələrində gözlərin gəzəndən sonra ikinci dəfə əlinə aldığında səni gənclikdən uşaqlığa, ahıllıqdan gəncliyə aparan xatirədir.
Elə bütün bu səbəblərdən də kitab hər birimiz üçün dəyərlidir. Çünki o bizim də dostumuz, yoldaşımız, sirdaşımız, yolyoldaşımız, taleyimiz, xatirələrimiz olub. Kimsəyə deyə bilmədiyimiz sözümüzü dinləyənimiz olub. Qəhrəmanlarının taleyinə öz dərdlərimizi də qarışdırıb göz yaşını axıtdığımız səhifələrdir. Gecəni sübhədək ayrıla bildiyimiz yuxumuzdur. Dünyanın ən şirin neməti olan yuxunu illərlə qurban verdiyimiz varlıqdır. Qəhrəmanları həyat idealımıza çevrilən, bizi peşəyə, sənətə, həyata yönəldən varlıq...
Həyatda hər şey insan övladının əlindədir. O, həyatını da, həyat tərzini də istədiyi səmtə çevirməyi bacarandır. Lakin qarşısına məqsəd qoymalıdır. Bu məqsəd zamanın bütün məqamlarında insanın köməkçisi olub, onunla hədəfə doğru birgə addımlayıb.
Biz hədəf olaraq kitabı seçsək, inanıram ki, kitaba qarşı illər öncəki münasibəti də bərpa etmiş olarıq. Onu oxumaq üçün vaxt ayırarıq. Sosial şəbəkələrə verdiyimiz saatları bir qədər azaldıb kitab oxumağa sərf etməklə buna nail ola bilərik. Beləliklə də kitab oxumaqla bağlı ən aşağı göstəricilərimizi də yuxarı qaldırmış olarıq. Sorğular zamanı ortaya çıxan utandırıcı rəqəmləri dəyişə bilərik.
Bunlara nail olmaq üçün ilk növbədə, həm də bir-birimizə kitab hədiyyə etməliyik. Xüsusilə də uşaq və gənclərimizə. Bu, unudulmaqda olan kitab oxumanı sürətləndirə, ona maraq artırmış olar. Bəzən bir hədiyyə üçün bahalı mağazalara qaçır insanlar. Məktəblərdə müəllimlərə bayram, ad günü, müəllimlər günü hədiyyəsi almaq üçün valideynlər yarışa girirlər. Lakin bunların hər birini bir kitabla əvəzləşdirmək olar ki, o da həm uşaqlarımızın təfəkkürünü korlamağın qarşısını alar, həm də kitab anlayışını gündəmdə saxlayar.
Bir-birimizə kitab hədiyyə edək. Uşaqlarımıza, gənclərimizə tez-tez kitab hədiyyə edək. Kitabi onların təfəkkürünə ən layiqli hədiyyə kimi yerləşdirək. Belə olarsa, kitab oxumaqda da irəliləyişin olduğunu müşahidə edərik. Dünəndən qalan ənənələrimizi yaşatmış olarıq.
Uşaqların tərbiyəsində valideynlərdən çox şey asılıdır. Biz onlara istədiyimiz məqamları verə də bilərik, ala da. Belə isə həm onların yanında kitab oxuyaq ki, onlar da oxusunlar, həm də onlara kitab hədiyyə edək ki, ən dəyərli hədiyyənin kitab olduğunu beyinlərinin bir küncünə yerləşdirsinlər.
Kitab alaq, kitab oxuyaq, kitab hədiyyə edək, kitab müzakirəsi aparaq...
Mətanət Məmmədova