Həftənin tanınmış elm və sənət adamları

28.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu həftə adlı-sanlı elm və mədəniyyət xadimimizdən bir qrupu dünyaya göz açıb. Onların arasında adlarını ehtiramla yad et­diklərimiz də, hazırda Vətənə, xalqa və mədə­niyyətimizə layiqli xidmət göstərənlər də var. 

Xalq artistləri Mirzəağa Əliyev (1883), Ağa­kişi Kazımov (1935), Əməkdar artist Zemfira Quliyeva (1937), aktyor və ssenarist Cahangir Aslanoğlu, məşhur dirijor Kazım Əliverdibəyov (1934), Xalq rəssamları Tahir Salahov (1928) və Güllü Mustafayeva (1919) doğum günləri bu həftəyə düşən unudulmaz sənətkarlardır. Onlar çalışdıqları sahələrdə böyük uğurlar qazanıb və mədəniyyətimizi daha da zənginləşdiriblər.

Bu həftə doğum günləri və yubileyləri qeyd olunanlar arasında tanınmış qələm sahiblə­ri çoxluq təşkil edirlər. Görkəmli ədəbiyyatşü­nas Əli Nazim düz 120 il əvvəl – noyabrın 24-də Təbrizdə anadan olub. Cəmi 35 il yaşayıb. Azər­baycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb. Tənqidi məqalələr yazıb, “Ədəbiyyat en­siklopediyası”nın şöbə redaktoru olub. Onunla bə­rabər ömür payı yaşamış Cəfər Cabbarlının yara­dıcılığını yazılarında bacarıqla incələyib. 1937-ci ildə həbs olunan Əli Nazim 4 il sonra məhbəsdə vəfat edib, 1957-ci ildə ona bəraət verilib.

Dramaturq və kinossenarist, Dövlət mü­kafatı laureatı, Xalq yazıçısı İmran Qasımov 25 noyabr 1918-ci il təvəllüdlüdür. Kinema­toqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş re­daktoru, ömrünün son 15 ilində isə Azərbaycan Yazıçılar İttifaqının ka­tibi (1967–1981) olub. Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” roma­nı dövrünün ən populyar əsərlərindən olub. Yara­dıcılığında eyniadlı film­lə yanaşı, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərləri mühüm yer tutur.

Xalq şairi Vahid Əziz (1945) və filologiya elmləri doktoru, Əməkdar jurnalist Aqşin Babayev (1936) eyni gündə - noyabrın 23-də dünyaya göz açıblar. 6 il əvvəl haqq dünyasına qovuşmuş Aqşin Babayevin 90 yaşı tamam olur. Uzun illər Azərbaycan radiosuna rəhbərlik edib, daha sonra Milli Məclisdə mətbuat xidmətinin ilk rəhbəri olub, Dövlət müşaviri rütbəsi alıb. Onun elmi əsərləri – Türk ədəbiyyatı müntəxə­batı”, “Nazim Hikmət yaşamı” və s. Bakı, An­kara, İzmir, Moskva, Berlin və Tbilisidə işıq üzü görüb. Pyesləri səhnəyə qoyulub. 

“Mənə 100 il ömür arzulamayın” deyən gözəl şairimiz Vahid Əziz isə ötən il 80 yaşını qeyd edib və bu gün də böyük ilhamla yazıb-ya­radır. “Şərəf” ordeninə layiq görülüb.

Daha iki qələm sahibi – unudulmaz şair Abbasağa Azərtürkün (1934) və zərif şeirlər müəllifi Fəridə Ləmanın (1953) da doğum gün­ləri bu həftəyə təsa­düf edir. Abbasağa doğma yurdu Cəli­labadda Azərbaycan dili və ədəbiyyat müəllimi olub, “At­lılar”, “Mənim qis­mətim”, “Od oğlu”, “Anama minnətda­ram”, “Cəlilabad dastanı”, “Qaraçı nəğmələri” və “Qaya sükutu” kimi kitabları işıq üzü görüb. Cəlilabadda adına küçə var.

Fəridə Ləman Qazax rayonunun Kəmərli kəndində anadan olub. Azər­baycan Yazıçılar və Jurnalistlər Birliyi­nin üzvü, filologiya üzrə fəlsəfə doktoru­dur. Elmi fəaliyyəti ilə yanaşı, “Məhsə­ti” şairlər məclisinin sədridir və təsisçisi olduğu eyniadlı jurnalı buraxır. Fəridə Ləmanın 50-dən artıq kitabı çap edilib. 

Haqq dünyasına qovuşmuş mədəniyyət xa­dimlərimizə Ulu Tanrıdan rəhmət diləyir, çağda­şımız olan, həyat və yaradıcılığını davam etdirən ünlülərimizə isə yeni-yeni uğurlar diləyirik. 

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью