Həftənin xatirə ünvanları

14.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Başa çatmaqda olan bu həftədə dünyaya göz açmış soydaşlarımız arasında elm və mədəniyyət xadimlərimiz də var. Onlar örnək həyat və yaradıcılıqları ilə Azərbaycana şöhrət qazandırmış görkəmli ziyalılarımızdır.

Noyabrın 10-da dilçi alim Firudin Hüseyn oğlu Hüseynovun 89 yaşı tamam olub. Tanınmış elm xadimi 1937-ci ildə Gədəbəy rayonunda anadan olub. Rus dilçiliyinin parlaq tədqiqatçısı sayılan Firudin Hüseynov filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi idi. Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri və prorektor, Rus dili və Ədəbiyyatı İnstitutunda (Slavyan Universiteti) rektor vəzifələrində işləyib. Adaş və həmsoyadı olan görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq Firudun Cəlil oğlu Hüseynov və tanınmış energetik, AMEA-nın müxbir üzvü Firudin Həmzə oğlu Hüseynov kimi, o da elm və təhsil sahəsində monoqrafiyaların, dərs vəsaitlərinin, sanballı məqalələrin müəllifi idi. 2004-cü ildə Bakıda vəfat edib.

Xalq şairi Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də anadan olub. Bu barədə qəzetimizin ötən saylarından birində bəhs etmişik. Digər yubilyar isə 1936-cı il noyabrın 12-də dünyaya göz açmış şair-jurnalist, Əməkdar mədəniyyət işçisi İbrahim Göyçaylıdır. Uzun illər Azərbaycan radiosunda “Ədəbiyyat və incəsənət” redaksiyasının baş redaktor müavini olub. “Dalğalar qoynunda”, “Qərənfil işığı”, “Fikrimin sabahı”, “Ömrümüz su kimi” və 15-dən artıq şeir kitabını oxucular maraqla qarşılayıblar. İbrahim Göyçaylının 100 -dən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub. Sadəliyi, təvazökarlığı və səmimiliyi ilə seçilirdi.

Milli radioda İbrahim Göyçaylı ilə çiyin-çiyinə işləmiş, xalq yaradıcılığı redaksiyasının mərhum şöbə müdiri Əhməd Oğuz sağ olsaydı, 65 yaşını qələm dostları ilə qeyd edəcəkdi. Təəssüf ki, gözəl şair, redaktor, ssenari müəllifi olan həmkarımız 5 il əvvəl işıqlı dünyaya əlvida deyib. Amma o, folklorumuzun müxtəlif sahələrinə aid hazırladığı “Dastandan üzü bəri”, “İrəvan çuxuru”, “Tərəkəmə”, “Yurd yeri”, “İlmə”, “Ocaq başı” kimi verilişləri ilə, qədim türk mifologiyası barədə söhbətləri ilə yadda qalıb.

Doğum günləri qeyd olunanlar arasında musiqi sahəsinin parlaq simaları da var. Gözəl səsli ustad sənətkar, Xalq artisti İslam Rzayev (1934-2008), “Çahargah” muğamının bənzərsiz ifaçısı, Əməkdar artist Sabir Mirzəyev (1942-2011), məşhur gitaraçı Rafiq Hüseynov (1944-2021), eləcə də noyabrın 15-də 65 yaşı tamam olacaq müasirimiz - populyar müğənni, Azərbaycanın və Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva bu sıradadırlar. Onlar gözəl ifaları ilə sənətsevərləri heyran edib və ürəklərdə taxt-tac qurublar.

Sonda bu həftənin ayrı-ayrı günlərində anadan olan Azərbaycan Milli Kitabxanasının direktoru, proessor Kərim Tahirovu, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Prezidentin fərdi təqaüdçüsü Sevda Məmmədəliyevanı, dilçi-alim, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlini, istedadlı yazıçı-tərcüməçi Saday Budaqlını, kino və televiziya rejissoru, rəssam, ssenari müəllifi və aktyor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadəni doğum günləri və yubileyləri olduğunu da yada salırıq.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью