Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Respublika ərazisində növbəti iki gün müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabit, əsasən yağmursuz və cənub-qərb küləkli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu Abşeron yarımadasında 18–20°, Aran rayonlarında 17–22°, dağlıq ərazilərdə isə 8–13° isti olacaq. O, həmçinin deyib ki, noyabrın 15-i günün ikinci yarısından başlayaraq şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək, fasilələrlə yağışlı hava şəraiti müşahidə olunacaq: “Bəzi yerlərdə yağışların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur.
Eyni zamanda, Bakıda və Abşeron yarımadasında da noyabrın 15-i günün ikinci yarısından şimal-qərb küləyi güclənəcək. 15-i axşam və 16-na keçən gecə bəzi yerlərdə küləyin güclü olacağı istisna olunmur. 16-sı gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–10° aşağı enərək Bakıda və Abşeron yarımadasında noyabrın 16-da 10–12°, Aran rayonlarında 14–18°, dağlıq ərazilərdə isə 8° isti olacaq”.