Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avtomobil qəzaları zamanı daxili qanaxmalar bəzən gizli gedir və vaxtında tanınmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, avtomobil qəzaları və digər bədbəxt hadisələr zamanı xəsarət alan şəxslərə yanaşmanın tibbi alqoritmi mövcuddur və bu qaydalar təkcə səhiyyə işçiləri deyil, adi vətəndaşlar tərəfindən də bilinməlidir.
Nizami Məmmədov bildirib ki, qəzalar zamanı daxili qanaxma riski yüksəkdir və bu qanaxmalar əsasən döş qəfəsi və qarın boşluğu orqanlarında baş verə bilər. Daxili qanaxma bəzən ilkin mərhələdə açıq əlamətlər vermir və sadə halsızlıq, üşütmə, başgicəllənmə və ya qısa müddətli bayılma kimi özünü göstərə bilər.
Həkim qeyd edir ki, xəsarət alan şəxsin huşunu itirməsi, tez-tez bayılması, tənəffüsündə çətinlik yaranması, döş qəfəsi və ya qarın nahiyəsində şişkinliyin əmələ gəlməsi artıq daxili qanaxmanın ciddi əlamətləri hesab olunur və bu halda dərhal tibbi müdaxilə vacibdir.
O vurğulayıb ki, belə hallarda vaxt itirmədən təcili tibbi yardım çağırılmalı və xəsarət alan şəxs peşəkar nəzarətə götürülməlidir.
Zeynəb Rzayeva