Icma.az bildirir, Olke.az portalına istinadən.
Uzun müddət avtomobil idarə etmək, yanlış oturma mövqeyi və avtomobilin yaratdığı vibrasiyalar boyun onurğasına mənfi təsir göstərə bilər. Xüsusilə gün ərzində dörd saatdan çox sükan arxasında olan sürücülərin boyun sağlamlığına diqqət yetirməsi vacibdir. Beyin və Onurğa Beyni Cərrahiyyəsi Mütəxəssisi, professor Burak Orhan Boran bildirib ki, tıxaclarda tez-tez dayanıb hərəkət etmək, düzgün olmayan oturma mövqeyi və təkrarlanan kiçik travmalar boyun onurğasına düşən yükü artıra bilər. Bu amillər boyun yırtığının yaranmasında rol oynaya bilər.
Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis yol-nəqliyyat hadisələri zamanı baş verən qamçı zədələnmələrinin də təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə hallarda boyun ağrısı və hərəkət məhdudiyyəti qəza baş verdikdən bir neçə gün, hətta həftələr sonra meydana çıxa bilər.
Professor sürücülərə boyun sağlamlığını qorumaq üçün oturacağı düzgün tənzimləməyi, başlığın başı lazımi səviyyədə dəstəkləməsini təmin etməyi və güzgüləri uyğun vəziyyətə gətirməyi tövsiyə edib. O, həmçinin görmə problemlərini diqqətdən kənarda qoymamağı, avtomobilin vibrasiya səviyyəsini nəzərə almağı və uzun səfərlər zamanı təxminən hər iki saatdan bir fasilə verməyi məsləhət görüb.
Mütəxəssis qəzadan sonra başlayan və davam edən boyun ağrılarının əhəmiyyətsiz hesab edilməməli olduğunu bildirib. Ağrı qollara yayılırsa, keyimə, iynələnmə və ya əzələ gücündə azalma müşahidə olunursa, həkimə müraciət etmək lazımdır.
Aysel Muxtar