Həkim, vəkil, müəllim, jurnalist Bu adamlar niyə kitab oxumur?

27.01.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İllərdir, mədəniyyət yönündə Azərbaycanda müzakirəsi və mübahisəsi bitməyən məsələlər var.

Məsələn, onlardan biri də kitab oxumaq, daha dəqiq, kitab oxumamaqdır.

Adətən, yazıçıların, şairlərin şikayət etdiyi bu məsələ, çox yəqin, hələ uzun illər öz aktuallığını qoruyub saxlayacaq.

Əlbəttə, səbəblər, nəticələr var.

Fəqət sual qoyulsa, “Azərbaycanda niyə az kitab oxuyurlar, kimlərdir bu oxumayan zümrə?” deyilsə, mənzərə bir qədər dəhşətli olacaq.

Bəlkə də, sıradan, bütün həyatı monoton bir fəaliyyətlə yekunlaşan, dili ilə “oxumağa marağım yoxdur, səbrim çatmır” kimi sözlər deyən insanları başa düşmək olar. Onsuz da, hər kəs mütləq kitab oxuyacaq deyə bir anlayış da yoxdur.

Lakin Azərbaycanda mütləq kitab oxumalı olan təbəqələr var. Məhz onları heç cür başa düşmək olmur.

Əslində, oxucu qıtlığı da o təbəqələrin kitab oxumamağına görə olur.

Bəs o əli kitabsız təbəqələr hansılardır?

Sözsüz, misal olaraq bu siyahıya həkimləri, vəkilləri, müəllimləri, jurnalistləri mütləq şəkildə aid etmək olar.

Adam elə gəlir, bu adıçəkilən sahələrdə olan adamların əllərindən kitab düşmür. Yəni olmalı olan bu olduğu halda, mənzərə başqa cürdür.

Məgər kitab oxumamaq təkcə ixtisaslamı bağlı olmalıdır?

Məgər adıçəkilən təbəqələr istənilən halda kitab oxumalı deyillərmi?

Cəmiyyətin müəyyən məqamlarda daha üstün insanları həm də bu təbəqələr deyilmi?

Bəs niyə bu təbəqələrdə məskunlaşan adamlar kitab oxumur?

Statistik göstəricilərə baxanda adamın ürəyi ağrıyır.

Necə yəni 145 000 müəllimin hərəsi ayda cəmi bir kitab oxumur?

Necə yəni 35 000 min həkimin hərəsi ayda bir kitab oxumur?

Ölkədə minlərlə jurnalist var. Bəs onlar niyə oxumur?

Əlbəttə, kimlərinsə yaxasını qırağa çəkməyi ilə olmur bu işlər. Statistika, mənzərə açıq-aydın ortadadır. Bu gün Azərbaycanda “kitab oxuyun” xitabı elə məhz həkimlərə, vəkillərə, müəllimlərə, jurnalistlərə aid edilməlidir.

Faciə hansısa təhsilsiz, kitaba zərrə marağı olmayan adamların oxumaması yox, məhz bu adamların oxumamasıdır.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью