Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Yuxu keyfiyyətinin aşağı düşməsinə müxtəlif amillər səbəb ola bilər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, həkim Xavyer Albarez “Men's Health”ə açıqlamasında yaxşı istirahətin əsas düşməninin qeyri-müntəzəm yuxu rejimi olduğunu bildirib.
Onun sözlərinə görə, yatmaq və oyanmaq saatlarının daim dəyişməsi, xüsusilə həftəsonları və səyahətlər zamanı yuxu rejiminin pozulması sirkadian ritmə mənfi təsir göstərir.
“Əgər yalnız bir vərdişin adını çəkməli olsaydım, deyərdim ki, bu, qeyri-müntəzəm cədvəldir. Beynimiz sabit və ardıcıl siqnallar aldıqda ən yaxşı işləyir”, – deyə həkim qeyd edib.
Mütəxəssis bildirib ki, yuxu rejiminin pozulması xroniki yorğunluğa, diqqətin azalmasına və hətta zədələnmə riskinin artmasına səbəb ola bilər.
X.Albarez yuxu problemlərinin digər səbəbləri sırasında stressi, gec saatlarda çoxlu qida qəbulunu, spirtli içkilərin istifadəsini və axşam saatlarında ekranlardan yayılan mavi işığa uzun müddət məruz qalmağı da göstərib.
Həkim yaxşı yuxu üçün hər gün mümkün qədər eyni saatlarda yatıb oyanmağın vacib olduğunu vurğulayıb.