Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ümumiyyətlə, süni intellekt proqramları vasitəsilə, internet üzərindən və ya başqalarının məsləhəti əsasında özünə diaqnoz qoymaq, müalicə təyin etmək, başqasına yazılmış reseptlə müalicə almaq və tibbi məsləhətlərə əsasən hərəkət etmək düzgün deyil”.
Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, xəstəliklərə diaqnoz qoymaq və müalicə təyin etmək hüququ yalnız həkimə məxsusdur: İnternetdən sifariş
“Süni intellekt proqramlarının gələcəkdə daha geniş tətbiq olunduğu dövrdə də həkimin rolu əvəzsiz olaraq qalacaq.
Digər tərəfdən, özbaşına müalicə bəzən xəstənin səhhətinə ciddi zərər vura, əsas xəstəliyin gözdən qaçmasına, müxtəlif ağırlaşmaların yaranmasına və vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Buna görə də insanlar bu məsələdə diqqətli və məsuliyyətli davranmalıdırlar.
Elə xəstəliklər var ki, onların ilkin əlamətləri bir-birinə bənzəyir və bu xəstəlikləri fərqləndirmək, düzgün diaqnoz qoymaq lazımdır. Bəzi hallarda bir xəstəliyin fonunda başqa bir xəstəliyin yaranması ehtimalı da mövcuddur. Bütün bu məqamlar diqqətlə araşdırılmalı və dəqiqləşdirilməlidir”.
A.Qeybulla qeyd edib ki, hər bir insanın orqanizmi fərqlidir və müalicə zamanı fərdi yanaşma vacibdir:
“Bütün bunlar həkimdən yaradıcı təfəkkür, geniş bilik, təcrübə və düzgün qərarvermə bacarığı tələb edir. Bu xüsusiyyətlər, xüsusilə də xəstənin vəziyyətini kompleks şəkildə qiymətləndirmək və düzgün müalicə strategiyası müəyyənləşdirmək baxımından, həkimin rolunu və məsuliyyətini ön plana çıxarır. Bunu unutmamalıyıq”.