Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda insanların sağlamlıq problemlərinə münasibəti və tibbi müayinələrə vaxtında müraciət etməsi məsələsi hələ də aktual olaraq qalır.
Bir çox insan özündə xəstəlik əlamətləri hiss etsə də, müxtəlif səbəblərdən həkimə getməyi təxirə salır, bəzən isə özbaşına dərman qəbul etməklə kifayətlənir.
Xüsusilə tibbi xidmətlərin qiyməti, müayinə xərcləri və sağlamlığa qarşı laqeyd münasibət bu davranışa təsir edən amillər sırasındadır. Halbuki xəstəliklərin ilkin mərhələdə aşkarlanmaması onların ağırlaşmasına, müalicə prosesinin uzanmasına və daha ciddi sağlamlıq fəsadlarının yaranmasına səbəb ola bilər.
Bəs insanların həkimə müraciəti son ana qədər gecikdirməsi hansı riskləri yaradır və bu davranışın arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bütün dünyada “Check-up” və skrininq müayinələrinin aparılması ilə bağlı müəyyən qaydalar mövcuddur:
“Məsələn, ailə anamnezinə görə risk qrupuna daxil olan, yaxud ilkin müayinə zamanı xərçəngönü vəziyyət aşkarlanan xəstələr üçün xüsusi skrininq müayinələri nəzərdə tutulur. Bundan başqa, metabolik sindromu, yüksək xolesterin səviyyəsi, arterial təzyiq problemi və autoimmun xəstəlikləri olan şəxslər üçün də müxtəlif “Check-up” müayinələri aparılır. Bu müayinələr xəstəliyin dinamikasını izləməyə imkan verir.
Əgər hər hansı xəstədə konkret xəstəliyin əlamətləri və ya narahatlıq hissi varsa, ilk növbədə həkimə müraciət edilməlidir. Lakin insanlar bunu gecikdirirlər. Ən çox gecikmə də bizim insanlarda müşahidə olunur. Burada sosial amillər və müalicənin bahalığı da rol oynayır. Nəzərə alsaq ki, icbari tibbi sığorta bir çox xəstəliklərin müayinə və müalicə xərclərini öz üzərinə götürür, yenə də müəyyən problemlər qalmaqdadır.
Bu problemlər bir qədər də mentalitet, həkimə müraciət etməkdə tənbəllik, tibbi xidmətlərə güvən və etimadın olmaması, eləcə də maddi imkanların aşağı olması ilə bağlıdır”.
Adil Qeybulla qeyd edib ki, genofondun sağlamlığı baxımından ən vacib məsələlərdən biri xəstəliklərin erkən aşkarlanmasıdır:
“Xəstəlik nə qədər erkən aşkar olunarsa, onun qarşısını almaq bir o qədər asan olur və bu, xəstənin həyatı üçün böyük əhəmiyyət daşıyır.
Bəzi xəstəliklərdə müalicənin gecikməsi proqnozu pisləşdirir, digərlərində isə vaxtında müayinə və müalicə xəstəliyin gedişatını yaxşılaşdırır. Bu baxımdan, məsələyə ciddi yanaşmaq lazımdır”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: həkim Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin