Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib.
Bildirilib ki, Böyük Bəhmənli kənd sakini olan Məhəbbət hadisə günü toyda iştirak edib və daha sonra sərxoş halda yaşadığı evə gedib. Bu zaman o, atası Aydın Talıbovun toyun keçirildiyi məkanda narahatlıq keçirdiyini və xəstəxanaya aparıldığını öyrənib.
Məhəbbət dərhal özünü xəstəxanaya çatdırıb və təcili yardım şöbəsinin həkiminin yerində olmadığını görüb. O, sərxoş halda xəstəxananın kardioloqu ilə dalaşıb, ona zərbələr endirərək söyüb. Həmçinin araya girərək tərəfləri sakitləşdirməyə çalışan xadiməyə hücum edərək yumruq-təpiklə zərbələr endirib.
Nəticədə xadimə sağ trapesvari sümüyünün sınığı, qapalı kəllə beyin travması, boyunun sağ yan səthinin, sağ çiyinüstü və sağ körpücüküstü, döş qəfəsinin ön səthinin sağ yarısının hematomaları ilə müşayiət olunan qançırları, sol gözaltı nahiyəsinin hematoması ilə müşayiət olunan sol almacıqüstü nahiyənin qançırı, sol budun aşağı 3/1-nin ön yan səthinin hematoması və qançırı xəsarətləri alıb.
Məhkəmədə M.Talıbov törətdiyi əməli etiraf edib və özünü qismən təqsirli bilib. Füzuli Rayon Məhkəməsi onun “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı əsasında cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə qərar verib.
Qeyd edək ki, Məhəbbət Talıbov Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun qardaşıdır.
Aslan Vəliyev