Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
"Tibb Rəqəmsal Əkiz Sistemi təkcə vətəndaşlar üçün deyil, eyni zamanda həkimlər və tədqiqatçılar üçün də geniş imkanlar formalaşdıracaq.
Vətəndaşların bütün sağlamlıq məlumatlarının vahid platformada toplanması səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, bu sistem gələcəkdə tibbi elmi tədqiqatların aparılmasına, əhalinin sağlamlıq vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə və müxtəlif xəstəliklərin izlənməsinə əlavə imkanlar yaradacaq:
"Əhali sağlamlığının təhlili və monitorinqi səhiyyə sisteminin əsas istiqamətlərindən biri hesab olunur və rəqəmsal ekosistem bu proseslərin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Sistem yalnız məlumatların toplanmasını deyil, həm də onların analitik təhlilini daha asan və əlçatan edəcək. Bu da həm həkimlər, həm də tibbi tədqiqatlarla məşğul olan mütəxəssislər üçün mühüm üstünlük kimi qiymətləndirilir".
Mütəxəssis bildirib ki, Tibb Rəqəmsal Əkiz Sistemi həkimlərin müalicə prosesini daha səmərəli qurmasına da kömək edəcək:
"Belə ki, pasiyentin əvvəlki analiz nəticələri, laborator müayinələri və digər tibbi məlumatları vahid platformada əlçatan olacaq. Bu da bəzi müayinələrin və analizlərin təkrar aparılması ehtiyacını azaldacaq".
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin