Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən işə ikinci növbə gəlmişdim, həm buna görə, həm də Milli Kitabxanada hər dəfə şənbə günü məsul növbətçi olduğumdan bir az yorğun idim. Bəxtimdən axşam saatları olduğundan metroda adam az idi. Vaqonun boş oturacaqlarından birində əyləşdim. Növbəti stansiyada vaqona gənc bir ailə daxil oldu. Onların təxminən beş yaşlı sarışın, mavigözlü oğlu diqqətimi o dəqiqə cəlb etdi. Gərgin iş qrafiki səbəbindən bir həftədən artıq üzünü görmədiyim üç yaşlı nəvəmi xatırlayıb kövrəldim.
Bizimlə üzbəüz iki gənc əyləşmişdi. Əslində əyləşmişdi demək olmazdı, oğlan yəqin ki, sevgilisi olan qızın boz rəngli paltosunu onun üzərinə örtüb sanki öz evində, rahat yatağında yatırdırmış kimi özünə əl qatmışdı. Əvvəl elə bildim ki, yəqin qıza nəsə olub, özünü narahat hiss edir. Amma birdən qızın paltosu dizləri üstündən düşdü və qız qəhqəhə çəkib gülməyə başladı. Vaqonda böyüklü-kiçikli hamı onların etikadan kənar hərəkətlərinə mat qalmışdı. Amma içi mən qarışıq hamı abrına bükülüb səsini çıxarmırdı. Elə bu anda sükutu yanımda əyləşmiş o şipşirin oğlan uşağının səsi pozdu:
-Bunlar böyüyüb evlənəcəklər!
Sərnişinlər gülməyə başladı, mən özüm də güldüm. Gənc ana hər iki əli ilə oğlunun ağzını tutub onu susdurmağa çalışırdı. O isə yenə də nəsə demək istəyirdi. Üzbəüz oturan cavanlar utanmaq əvəzinə gənc qadın oğlunun sözlərinə görə qızarmışdı. Oğlunun ağzını əli ilə örtərək onu susdurmağa çalışsa da, balaca artıq öz fikrini bildirmişdi. Görünür, onun üçün gördüyü mənzərənin başqa izahı yox idi. Axı böyüklər belə davranırdılarsa, deməli, onlar bir-birini çox istəyirdilər və böyüyəndə evlənəcəkdilər...
Bu hadisədən sonra vaqondakı ab-hava xeyli dəyişdi. Bir az əvvəl hamının üzündəki narazılıq və pərtlik yerini təbəssümə vermişdi. Sərnişinlərdən bəziləri gülüşünü gizlətməyə çalışır, bəziləri isə uşağın sözlərini bir-birinə pıçıldayırdı. Mən də gülürdüm. Amma nədənsə bu gülüşün içində bir az kədər də vardı.
Balaca isə heç nə olmamış kimi anasının yanında oturmuşdu. Yəqin ki, böyüklərin niyə güldüyünü də anlamırdı. O, sadəcə gördüyünü öz balaca dünyasının qanunları ilə izah etmişdi. Onun dünyasında sevgi də, münasibət də, ailə də başqa cür idi. Hər şey sadə, təmiz və aydın idi.
Bir anlıq düşündüm: Görəsən, biz nə vaxt itiririk bu saflığı? Nə vaxt başqalarının yanında necə davranmalı olduğumuzu, hansı hərəkətin yersiz, hansı davranışın qəbuledilməz olduğunu unuduruq? Bəlkə də, insan böyüdükcə yaşına uyğun müdrikləşməli, daha həssas, daha məsuliyyətli olmalıdır. Amma təəssüf ki, bəzən yaş artır, insanın düşüncəsi isə yerində sayır.
Mənim dayanacağım yaxınlaşırdı. Ayağa qalxıb qapıya tərəf yönəldim. Arxaya dönüb bir daha o balaca oğlana baxdım. Hələ bilmirdi ki, böyümək heç də həmişə yaxşı mənada dəyişmək demək deyil. Bilmirdi ki, bəzən böyüklər uşaqlardan çox şey öyrənməlidirlər.
Metrodan düşəndə onun bir cümləsi hələ də qulaqlarımda səslənirdi:
«Bunlar böyüyüb evlənəcəklər!»
Öz-özümə gülümsədim. Sonra düşündüm ki, kaş hamı böyüməyi bacaraydı. Təəssüf ki, bəziləri yaşca böyüsələr də, hələ böyüməyiblər...
Evə çatanda isə məni xoş bir sürpriz gözləyirdi. Üzünü bir həftədən artıq görmədiyim üç yaşlı nəvəm bizə gəlmişdi. Balaca Alpayım məni görən kimi sevincək qucağıma qaçdı. Onu bağrıma basıb qoxusunu içimə çəkdim və bütün yorğunluğum çıxdı. Elə həmin an metroda gördüyüm balaca oğlanı xatırladım.
Bir daha anladım ki, uşaqların dünyası nə qədər saf, sevgiləri nə qədər təmənnasızdır.