“Hələ də qorxuram” 8 bıçaq zərbəsi alan qadın danışdı VİDEO

14.11.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Adana şəhərində platonik sevgi bəslədiyi qadına hücum edərək onu səkkiz bıçaq zərbəsi ilə ağır yaralayan şəxs məhkəmə qarşısına çıxarılacaq.

Moderator.az xəbər verir ki, hadisə iyunun 8-də Seyhan rayonunun Gürselpaşa məhəlləsində baş verib.

İddialara görə, 28 yaşlı Ramazan S. 27 yaşlı Nurseli Sezeri evinin qarşısında pusquya salıb. Gənc qadının evə gəldiyini görən şəxs əvvəlcə onu qucaqlayıb, daha sonra bədəninin müxtəlif nahiyələrinə səkkiz bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb. Hücum anları təhlükəsizlik kameralarına düşüb.

Boyun, baş, ağciyər, çiyin və qol nahiyələrindən yaralanan Sezerə ilk tibbi yardımı həkim qonşusu göstərib. Xəstəxanaya çatdırılan qadın iki gün intubasiya vəziyyətində olmaqla, ümumilikdə 10 gün müalicə alıb. O, sağ qalsa da, səhhətində ciddi problemlər davam edir. Gənc qadın sağ qolundan tam istifadə edə bilmir, ağciyərlərinin də normal fəaliyyət göstərmədiyini bildirir.

Polis əməkdaşları hadisədən sonra şübhəli Ramazan S.-ni saxlayıblar. O, ifadəsində qadına qarşı qarşılıqsız hissləri olduğunu, bir həftə ərzində onu izlədiyini və sosial şəbəkələr vasitəsilə getdiyi idman zalını öyrəndiyini etiraf edib. Şübhəlinin sözlərinə görə, hücum günü əvvəlcədən əldə etdiyi bıçaqla qadına hücum edib.

Ramazan S.-yə qarşı qadını əvvəlcədən planlaşdıraraq öldürməyə cəhd ittihamı ilə 21 il həbs cəzası tələb olunur. İşə noyabrın 17-də Adana 12-ci Ağır Cinayət Məhkəməsində baxılacaq.

Məhkəmə prosesi ərəfəsində danışan Nurseli Sezer hadisədən sonra hələ də qorxu içində yaşadığını bildirib: “Mən onun həm özüm, həm də bütün qadınlar üçün ən ağır cəzanı almasını istəyirəm. Hələ də qorxuram. Hadisəni izləyə bilmədim və izləyə bilməyəcəyəm. Özümü və ya başqa bir qadını bu vəziyyətdə görmək istəmirəm”.

Sezer əlavə edib ki, hücum zamanı həkim qonşusunun müdaxiləsi olmasaydı, həyatını itirə bilərdi. Onun sözlərinə görə, baş verənlərdən beş ay keçməsinə baxmayaraq, müalicəsi davam edir və sağlamlığı əvvəlki vəziyyətinə qayıtmayıb.

Zərərçəkmişin vəkili Yelda Yurt Aslan isə təqsirləndirilən şəxsin qanunvericiliyin imkan verdiyi ən ağır cəzanı alacağına ümid etdiyini bildirib.(Medianews)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью