Həm İran, həm də bütün qonşuları üçün... ŞƏRH

04.02.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası İranla danışıqların Omanda keçirilməsinə razılıq verib. Bu haqda “Axios” portalı məlumat yayıb.

Bəs danışıqlar baş tutacağı təqdirdə tərəflər arasında razılıq əldə oluna bilərmi?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd etdi ki, həmin danışıqların əvvəlcə İstanbulda keçirilməsi nəzərdə tutulmuşdu, amma sonradan bəzi məlumatlara görə İran tərəfi danışıqların yerinin Omana keçirilməsi istiqamətində tələb irəli sürüb və nəticədə Amerika Birləşmiş Ştatları bununla razılaşıb.

Siyasi şərhçinin sözlərinə görə, əgər rəsmi Tehran zaman qazanmaq və yaxud da danışıqlardan manevr məqsədilə istifadə etmək niyyətində deyilsə, böyük ehtimalla danışıqlar baş tuta bilər:

"Ancaq bu danışıqlardan hansı nəticələrin çıxacağı hələlik bəlli deyil. Çünki İran öz maraqlarında israr etməyə meyilli görünür, ABŞ də öz tələblərinin qəbul edilməsində israrlı mövqe tutur. Hər iki tərəf qarşılıqlı güzəştlər gözləyir. Ancaq müşahidələr onu göstərir ki, əgər İran ABŞ-nin tələblərini yerinə yetirməzsə, ABŞ İrana qarşı hərbi müdaxilə məcburiyyətində qala bilər. İranda artıq anlayırlar ki, ABŞ-nin hərbi müdaxiləsi İran üçün əsl fəlakətə çevrilə bilər. İranın hakimiyyət strukturları da olduqca böyük zərər görüb. Hazırda siyasi rejim zəifləmiş kimi görünür. Üstəlik, daxili etiraz dalğasının son nəticələri də İran hakimiyyəti üçün olduqca böhranlı bir situasiya yaradıb".

Müsahibimiz vurğuladı ki, belə bir vəziyyətdə İran ABŞ ilə danışıq aparmaq məcburiyyətindədir:

"Danışıqlar prosesində məlum olacaq ki, rəsmi Tehran savaş, yoxsa anlaşma yolunu tutur. Ən optimal variantlardan biri ondan ibarətdir ki, rəsmi Tehran savaşdan yayınmaq istiqamətində addımlar atsın və eyni zamanda ABŞ ilə anlaşmağa çalışsın. Bu, həm İran üçün, həm də İranın bütün qonşuları üçün daha doğru bir yanaşma olardı. Həm İranı, həm də İranın sərhəd qonşularını olduqca təhlükəli situasiyadan xilas etmiş olardı".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью