Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bəzən yollarda sürücüləri çaşdıran mənzərələrlə rastlaşmaq olur.
Bunun nəticəsində ya ağır qəzalar baş verir, ya da sürücülər cərimələnə bilir.
Avtosfer.az-ın sosial şəbəkə hesabına sürücülərdən biri tərəfindən sorğu daxil olub.
Sorğuda bildirilir ki, yolun kənarında “Ötmək qadağandır” nişanı qoyulub, amma həmin istiqamətdə hərəkət zolaqlarını ayıran xətt isə qırıq-qırıq formada çəkilib (1.5).
Bir tərəfdən nişan sürücüyə “ötmə” deyir, digər tərəfdən isə yolun xətti “ötə bilərsən” mesajı verir.
Belə ziddiyyətli vəziyyətdə sürücünün hansı qaydaya əməl etməsi vacibdir? Polis sürücünü cərimələyə bilərmi?
Məsələ ilə bağlı hüquqşunas Ərşad Hüseynov saytımıza bildirib ki, belə vəziyyət ümumiyyətlə olmamalıdır: “Əgər “Ötmək qadağandır” nişanı daimi nişandırsa və yolda hərəkətin təşkili aparılaraq xətlənmə işləri görülübsə, həmin xətlər mütləq bütöv olmalıdır – həm əks istiqamətli, həm də eyni istiqamətli zolaqlar arasında.
Əgər belə deyilsə və zolaqlar arasında qırıq-qırıq xətt çəkilibsə, bu artıq hərəkətin təşkilində ciddi qüsur deməkdir.