Icma.az bildirir, Konkret.az portalına istinadən.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrailin və Qəzza sakinlərinin təhlükəsizliyini təmin etmək üçün HƏMAS tərksilah edilməli, Qəzza zolağı isə demilitarizasiya olunmalıdır.
KONKRET.az xəbər verir ki, o, bu açıqlamanı Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanada qazaxıstanlı həmkarı Ermek Koşerbayevlə görüşü zamanı verib.
“Biz ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planını dəstəkləyirik və onun həyata keçirilməsinin tərəfdarıyıq. HƏMAS silahsızlandırılmalı, Qəzza zolağı demilitarizasiya olunmalıdır. Bu, həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın daha yaxşı gələcəyi üçün vacibdir”, – deyə Saar vurğulayıb.
Nazir əlavə edib ki, Yaxın Şərqdə İranın “peyk qurumları” hesab edilən terror təşkilatları, Qəzzada HƏMAS, Livanda “Hizbullah” və Yəməndə husilər aradan qaldırılmalıdır. Onun sözlərinə görə, bu baş vermədən regionda sabitlik mümkün olmayacaq.
Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev isə ölkəsinin mövqeyini bir daha xatırladaraq bildirib ki, Yaxın Şərq münaqişəsinin həlli üçün “iki xalq üçün iki dövlət” prinsipi əsasında Fələstin dövlətinin yaradılması zəruridir.
Müşviq Tofiqoğlu
KONKRET.az