HƏMAS və digər qruplaşmalar niyə səssizdir: Üçüncü intifada niyə baş tutmur?

26.10.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İsrail iki hərbçisinin Hebron şəhəri yaxınlığında öldürülməsinə görə İordan çayının qərb sahilinə qoşun yeridib.

"Bakupost" xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.

Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu artıq Hebron və Halhul şəhərlərinin bütöv məhəllələrinin mühasirəyə alınması və sakinlərin zorla köçürülməsi barədə qərar verib.

Netanyahu ordunun hücum edən şəxslərin gəldiyi məhəlləni tamamilə məhv edəcəyini və yenidən quracağını bəyan edib.

Baş nazirin sözlərinə görə, hazırkı genişmiqyaslı əməliyyatı yalnız 1967-ci ildə fələstinlilərin kütləvi şəkildə köçürülməsi ilə müqayisə etmək olar.

Qeyd edək ki, həmin vaxt fələstinlilərin yaşadıqları ərazilərdən 300 mindən çox insan köçürülüb.

Baş verən hadisə yenidən bölgədə geniş miqyaslı əməliyyatlara rəvac verə bilər?

Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, bütün bu hadisələr təsadüf deyil:

“İsrail işğalına qarşı bundan öncə birinci və ikinci intifada baş vermişdi. Ancaq son illərə HƏMAS və digər Fələstin qruplaşmalarında bir oyanışmanın baş vermədiyinin şahidi olduq. Hər kəs gözləyirdi ki, üçüncü intifada olacaq, insanlar küçələrə axışacaq. Amma bunlar olmadı”.

Ekspertin sözlərinə görə, əslində, baş verən hadisələr fonunda bunların olmamasının özü də olduqca maraqlıdır:

“Artıq dünya dəyişib. İsrailin yürütdüyü siyasətlə razı olmayan, onu tənqid edən, ona müxalif olan istər islamçı, liberal, sosialist, istərsə də sağçı ərəb qruplaşmalarının hamısı, o cümlədən İsrail küçələrində də hamı başa düşür ki, silahlı yolla, terror aktları ilə Təl-Əvivə qarşı müqavimət göstərib, real nəticə əldə etmək mümkün olmayacaq”.

R.Hafizoğlunun fikrincə, burada başqa ciddi problemlər də mövcuddur:

“Artıq Fələstində, Qəzzada bir zamanlar ərəb adına siyasi dəstək verən bütün qruplar milyardlarla vəsaitlərin hara getdiyini sorğu-sual etməyə başlayıblar. Bu HƏMAS-a, qismən də “Hizbullaha” aiddir. Artıq başa düşürlər ki, silahlı münaqişə real olaraq nəticə verməyəcək”.

Müsahibimiz deyir ki, İsrail bölgədə hərbi güc olmasına baxmayaraq, siyasi cəhətdən cırtdan vəziyyətindədir:

“İsrail parlament seçkiləri ərəfəsindədir. Benyamin Netanyahunun istisnasız olaraq atdığı bütün addımlar da daxili siyasətə, xal qazanmağa yönəlib. Türkiyədən belə düşmən obrazı yaradırlar. Amma bunlar heç bir nəticə vermədiyindən, real olaraq silahlı insidentə keçirlər”.

O düşünür ki, HƏMAS-ın düşdüyü indiki durumda bölgədə İsrailə qarşı yeni ərəb silahlı müqavimətinin baş verməsi inandırıcı deyil.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью