Həmin bananı oğurladılar...

01.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Fransada dünya şöhrətli və qalmaqallı bir muzey eksponatı – divara skoçla yapışdırılmış banan oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Agentlik yazır ki, italyan rəssam Maurisio Kattelanın “Komediant” adlı konseptual sənət əsəri nümayiş etdirildiyi muzeydən yoxa çıxıb. Hadisə Parisdəki məşhur “Pompidu” Mərkəzinin Mets şəhərindəki filialında baş verib. Muzey rəhbərliyi oğurluq faktı ilə bağlı cinayət işinin açıldığını bəyan edib. Bildirilib ki, incəsənət əsərinin xarab olmaması üçün banan onsuz da hər üç gündən bir yenisi ilə əvəz olunurdu və oğurluqdan dərhal sonra da stendə yeni bir banan yapışdırılıb.

Qeyd edək ki, bu, sözügedən eksponatın başına gələn ilk hadisə deyil. 2025-ci ilin iyulunda muzey ziyarətçilərindən biri divardakı bananı qoparıb yemişdi. O zaman rəssam Kattelan zarafatla ac ziyarətçinin bananı yeməsinə təəssüfləndiyini bildirmiş, muzey isə məhkəməyə müraciət etməmişdi.

Onu da bildirək ki, Kattelanın bu qeyri-adi əsəri ilk dəfə 2019-cu ildə Mayamidəki sərgidə 120 min dollara satışa çıxarılmışdı. Kriptovalyuta dünyasının tanınmış simalarından olan əslən çinli Castin San isə 2024-cü ildə əsərin növbəti versiyası üçün düz 5,2 milyon dollar ödəmiş, bir neçə gün sonra isə Honkonqda kameralar qarşısında həmin bananı yemişdi.

Xatırladaq ki, rəssam Kattelan təkcə bananla yox, həm də ABŞ Prezidenti Donald Trampa ilk prezidentliyi dövründə Ağ Evə hədiyyə etdiyi, tam işlək vəziyyətdə olan “Amerika” adlı qızıl unitaz əsəri ilə də tanınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью