“Həmin cəbrayıllılar böyük sevinc içində idilər”

04.10.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 6-cı ildönümüdür.

2020-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad edildiyini açıqlayıb.

Cəbrayılın azad olunması Vətən müharibəsinin ilk günlərində əldə edilən mühüm hərbi nəticələrdən biri olub. Prezident İlham Əliyev 2024-cü ildə 4 oktyabr tarixinin Cəbrayıl Şəhəri Günü elan edildiyini bildirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Cəbrayılın azad olunması bütün Azərbaycan xalqı üçün böyük sevinc olub:

"İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi”.

 

C. Məmmədovun sözlərinə görə, Cəbrayıl istiqamətində qurulan istehkamların yarılması Azərbaycan Ordusundan böyük qəhrəmanlıq və fədakarlıq tələb edib:

"Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. Sevinirik ki, həyat öz axarına düşür, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdır və yenidən xoşbəxt, firavan həyat sürməyə başlayır”.

C. Məmmədov qeyd edib ki, Cəbrayılın işğaldan azad edilməsindən sonra rayonda "Böyük Qayıdış” proqramı çərçivəsində bərpa və quruculuq işləri aparılır. Rəsmi məlumata görə, keçmiş məcburi köçkünlərin Cəbrayıla qayıdışı 2024-cü il sentyabrın 26-dan başlayıb və proses davam edir. 

"Cəbrayıl şəhərinin Baş planına uyğun olaraq çoxmənzilli yaşayış kompleksləri, fərdi evlər və inzibati binalar inşa edilir. İlk çoxmənzilli yaşayış məhəllələri artıq istifadəyə verilib və sakinlər köçürülüb. Həmçinin Şükürbəyli və Horovlu kəndlərində də sakinlərin bir qismi köçürülüb və artıq öz doğma kəndlərində yaşayırlar. Rayonun böyük kəndlərindən olan Soltanlı kəndində irimiqyaslı tikinti işləri yekunlaşmaq üzrədir. Macarıstan şirkətləri ilə birgə layihələndirilən kənddə 420-dən çox müasir fərdi ev, sosial obyektlər və infrastruktur qurulur və bura yaxın zamanda əhalinin köçürülməsi planlaşdırılır. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən çox diqqət çəkən məqamlardan biri də yeni məktəblərin tikilməsidir. Şuşada, Füzulidə, Xankəndidə və digər bölgələrdə, bu gün isə Cəbrayılda, onun kəndlərində məktəbin fəaliyyətə başlaması qürurvericidir”.

Deputat qeyd edib ki, bu gün Cəbrayılda aparılan quruculuq işləri şəhərin və rayonun sakinlərinin doğma yurdlarına qayıdışı üçün yeni imkanlar yaradır:

"Bu gün Cəbrayıl şəhərinə gedib sakinlərlə görüşəndə, orada görülən işlərlə tanış olanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü siyasətin, xalqımızın böyük qəhrəmanlığı və Qarabağ zəfərinin nəticəsini müşahidə edirik. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Cəbrayıl öz sakinlərini yenidən qucaqlayır. Azərbaycanın iqtisadi gücü, həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, dövlətimizin siyasi möhkəmliyi məhz bu reallığı təmin edib. Ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Prezidentimizin uzaqgörən siyasətinin bariz göstəricisidir”.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью