Həmin hadisənin təsirindən çıxa bilmir

03.11.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Tenerife” klubunun 30 yaşlı hücumçusu Xesus de Migelin ölümünə səbəb olan toqquşmada iştirak edən “Andorra”nın qapıçısı Xesus Ovono hadisədən sonra ağır psixoloji vəziyyətə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” COPE radiosunun “El Partidazo” proqramına istinadən məlumat yayıb.

Bildirilir ki, Ovono mərhum futbolçunun ailəsi ilə şəxsən əlaqə saxlayaraq başsağlığı vermək istəyir. Lakin qapıçı bunun üçün münasib vaxtı gözləyir. O, əvvəlcə ailə üzvləri ilə şəxsi söhbət etməyi, daha sonra isə ictimai açıqlama verməyi planlaşdırır. Qapıçı hadisədən sonra klub nümayəndəsi və tibbi heyət vasitəsilə De Migelin səhhəti ilə mütəmadi maraqlanıb.

“Hadisə “Andorra”da böyük narahatlıq yaradıb. Bəzi futbolçular bunun meydanda yaşadıqları ən ağır an olduğunu deyiblər. Ovono baş verənləri çox ağır keçirir. Klubda onun rəqibə zərər vermək niyyətinin olmadığı bildirilir”, – COPE jurnalisti İvan Alvares deyib.

Məlumat üçün bildirək ki, noyabrın 3-də İspaniya ikinci divizionunun “Tenerife” – “Andorra” matçında hesab 2:2 olarkən, əlavə vaxtın 96-cı dəqiqəsində faciə baş verib. Uzun ötürmədən sonra topa yiyələnməyə çalışan De Migel cərimə meydançasını tərk edən Ovono ilə toqquşub. Qapıçının dizinin hücumçunun sinəsinə dəydiyi bildirilir.

Hadisədən sonra Ovono birbaşa qırmızı vərəqə alıb, qarşılaşma isə davam etdirilməyib. Tribunadan qapıçıya qarşı təhqirlər səsləndirilib. Aldığı təhdidlər və psixoloji təzyiq səbəbindən o, daha sonra rəsmi “Instagram” hesabını da silib.

Qeyd edək ki, faciə ilə bağlı “Barselona” və “Real Madrid” klubları başsağlığı veriblər. İspaniya Kral Futbol Federasiyası isə futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 3-nə planlaşdırılan bütün oyunları təxirə salıb.

Xatırladaq ki, Xesus de Migel 2025-ci ilin yayında “Kastellon”dan “Tenerife”yə keçmişdi. O, ötən mövsüm 11 qol vurmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью