Heminquey və dörd qadın

25.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şahanə MÜŞFİQ

Ernest Heminquey haqqında danışanda onun adı ilə yanaşı, dərhal yada düşən bir neçə detal var: müharibə, ov, boks, öküz döyüşləri, içki, silah, macəra, təhlükə və əlbəttə, qadınlar.

Amma Heminqueyin qadınları onun həyatının sadəcə romantik epizodları deyildi. Onlar yazıçının həyatına daxil olduqları hər mərhələdə onun dünyagörüşünə, gündəlik həyatına, sosial çevrəsinə və müəyyən mənada yaradıcılığına da təsir göstəriblər.

Heminquey dörd dəfə evlənib. Hər qadın ona fərqli həyat və fərqli Heminquey yaşadıb. Qadınlarla birgə həyatlar, həyatlarla birgə Heminqueyin özü dəyişib, başqalaşıb. 

Onun bioqrafiyasına baxanda bu nikahlar sadəcə şəxsi münasibətlər kimi görünə bilər. Amma yazıçının yaradıcılıq yolu ilə yanaşı qoyanda maraqlı bir mənzərə ortaya çıxır: Heminqueyin hər bir evliliyi onun həyatının ayrı bir mərhələsinə, həmin mərhələ isə başqa bir ədəbi dünyaya açılır.

Hadley Riçardson onun ilk illərinin Parisini, yoxsulluğunu, yazıçılığa inamını və "Günəş də doğur" ("Fiesta") romanını müşayiət etdi. Pauline Pfeiffer Heminqueyin həyatına ailə, övladlar, Afrika səfərləri və "Əlvida, silah!" dövrünü gətirdi. Martha Gellhorn onunla İspaniya və müharibə atmosferini paylaşdı, "Əcəl zəngi" dövrünün şahidinə çevrildi. Mary Uelsh isə yazıçının həyatının son böyük mərhələsində - Kuba, müharibədən sonrakı illər və "Qoca və dəniz"in doğulduğu dövrdə onun yanında idi.

Hadley Riçardson - ümidləri paylaşan qadın

Heminqueyin ilk həyat yoldaşı Elizabeth Hadley Riçardson idi. Onlar 1921-ci ildə evləndilər və az sonra Parisə köçdülər. Həmin dövrlərdə Heminquey hələ dünya şöhrətli yazıçı deyildi. O, yazmaq istəyən gənc jurnalist idi və Parisdə öz ədəbi səsini axtarırdı. Hadley isə onun bu axtarışının ən yaxın şahidi oldu.

Onların Paris illəri sonradan Heminquey mifologiyasının ən romantik hissəsinə çevrildi: kasıb, gənc, iddialı yazıçı, bohem Paris, dostlar, səfərlər, içki, yazı və bütün bunların içində ərinə inanan, ona güvənən bir qadın.

Heminqueyin bioqrafları öz araşdırmalarında Hadleyin onun yazıçılıq fəaliyyətinə verdiyi dəstəyi xüsusilə vurğulayırlar. 1924-1926-cı illərdə Heminqueyin məhsuldar yaradıcılıq dövründə Hadleyin həm mənəvi, həm də maddi dəstəyi mühüm rol oynayıb. Məhz bu dövrdə Heminquey "Günəş də doğur", digər adı ilə "Fiesta" romanını yazdı.

Romanın qəhrəmanları Birinci Dünya müharibəsindən sonra Parisdə yaşayan, mənəvi istiqamətini itirmiş bir nəslin nümayəndələridir. Heminquey həmin nəslə sonradan "itirilmiş nəsil" adını verəcəkdi. Əsərin arxasında isə onun Hadley ilə yaşadığı Paris həyatı, İspaniya səfərləri və həmin mühitdə gördüyü insanlar dayanırdı.

1926-cı ildə roman çap olunanda Heminqueylə Hadleyin evliliyi artıq dağılmaq üzrə idi. Səbəb yazıçının Pauline Pfeiffer ilə münasibəti idi. Maraqlısı budur ki, Heminquey "Günəş də doğur"u Hadleyə və oğulları Jackə ithaf etdi. Romandan aldığı qonorarı da Hadleyə verdi. Sanki yazıçı öz həyatının ilk böyük uğurunu ona borclu olduğunu bilir və bunu etiraf edirdi.

Doğrudur, Hadley Heminqueyə şöhrət qazandırmadı. Amma daha vacib bir şey verdi: yazıçı olacağına inam. O, Heminqueylə təkcə həyatı yox, həm də ümidləri paylaşdı.

Pauline Pfeiffer - ata Heminqueyin doğuluşu

Pauline Pfeiffer Heminqueyin həyatına Hadleyin tam əksi kimi daxil oldu. O, özü də jurnalist idi, "Vogue"da çalışırdı, Parisin dəbli və intellektual mühitinə bələd idi. Üstəlik, maddi baxımdan imkanlı ailədən gəlirdi. Heminqueylə tanış olduğu vaxt Hadleyin dostu idi. Sonradan isə bu dostluq ən ağır sınaqlarla üz-üzə qaldı.

Hadley və Heminquey 1927-ci ildə boşandılar. Elə həmin il o, Pauline ilə evləndi.

Pauline dövründə Heminqueyin həyatı Parisin bohem romantikasından bir qədər uzaqlaşdı. Ailə, uşaqlar, Amerika və Key West həyatına daxil oldu. Pauline iki oğul - Patrik və Qreqory - dünyaya gətirdi.

Bu mərhələnin ən mühüm əsərlərindən biri "Əlvida, silah!" idi. Roman müharibə, sevgi və itki haqqında idi. Heminqueyin Birinci Dünya müharibəsində yaşadıqları əsərin əsasını təşkil edirdi, lakin şəxsi həyatındakı hadisələr də onun yazı dünyasına təsirsiz ötüşmürdü. Paulinein doğuş zamanı yaşadığı ağır təcrübənin romanın Katerin obrazının doğuş səhnəsinə təsir etdiyi barədə bioqrafik mənbələrdə məlumat var.

Beləcə, Pauline Heminqueyin yaradıcılığına yalnız "yazıçının arvadı" kimi daxil olmadı. O, Heminqueyin ailə, atalıq və məişət dünyasının bir hissəsinə çevrildi. Onun dövründə Heminquey həm də daha geniş coğrafiyalara açıldı. 1933-cü ildə Afrikaya safari səfərinin maliyyələşməsində Paulinein ailəsinin dəstəyi rol oynadı.

Amma bu evliliyin də sonu əvvəlkinə bənzədi: Heminquey başqa bir qadına aşiq oldu.

Bu dəfə həmin qadın da yazıçı idi.

Martha Gellhorn - Heminqueyin qarşısında dayana bilən qadın

Martha Gellhorn Heminqueyin digər arvadlarından fərqli idi. O, sadəcə yazıçının həyat yoldaşı deyildi. Özü də ciddi jurnalist, romançı və müharibə müxbiri idi.

1936-cı ildə Key Westdə tanış oldular. Bir il sonra İspaniya vətəndaş müharibəsini işıqlandırmaq üçün birlikdə İspaniyaya getdilər. Heminquey Şimali Amerika Qəzetlər Alyansı üçün, Gellhorn isə "Collier's" üçün yazırdı.

Burada artıq Heminqueyin həyatına başqa bir qadın yox, başqa bir yazıçı daxil olmuşdu. Gellhorn müharibəni romantik macəra kimi qəbul etmirdi. O, müharibənin içində adi insanların taleyini görürdü. Heminquey isə İspaniya təcrübəsini böyük romanına çevirdi.

"Əcəl zəngi" 1940-cı ildə çap edildi. Romanın arxasında Heminqueyin İspaniya vətəndaş müharibəsində müxbir kimi gördükləri dayanırdı. Nobel bioqrafiyası da romanın məhz İspaniya vətəndaş müharibəsi zamanı əldə etdiyi jurnalist təcrübəsi üzərində qurulduğunu təsdiqləyir.

Martha ilə münasibət Heminqueyin yaradıcılığını bir başqa mənada da dəyişdirdi: onun qarşısında artıq sadəcə yazıçını sevən qadın yox idi. Özü də yazan, öz karyerası olan, müharibəyə onunla birlikdə gedən bir qadın vardı. Bəlkə də buna görə onların münasibəti həm güclü, həm də dağıdıcı oldu.

1940-cı ildə Pauline ilə boşanan Heminquey 17 gün sonra Martha ilə evləndi. Amma bu nikah da uzun sürmədi. Müharibə illərində münasibətlər getdikcə pisləşdi. Martha xəstəxana gəmisində gizlənərək Normandiyaya çıxan və orada müharibəni işıqlandıran yeganə qadın müxbir olmuşdu. Müharibə onun üçün Heminqueyin karyerasının əlavəsi deyildi - özü də bu sahənin ciddi simalarından biri idi.

"İki qoçun başı bir qazanda qaynamaz" deyirlər. İki yazıçı, iki jurnalist də bir evdə çox qala bilmədi. 1945-ci ildə boşandılar. 3-cü həyat yoldaşı da Heminqueyin həyatında əbədi ola bilməsə də, əslində, çox mühüm bir şeyi də göstərdi: onun qarşısındakı qadın artıq "məşhur yazıçının arvadı" roluna sığmırdı.

Mary Uelsh - sonuncu qadın, sonuncu Heminquey

Mary Uelsh Heminqueyin dördüncü və sonuncu həyat yoldaşıdır. Onlar İkinci Dünya müharibəsi illərində tanış oldular. Mary də jurnalist idi. Heminqueylə münasibəti Martha ilə evliliyinin sonuna təsadüf edirdi. Bu eşq də çox qısa zamanda nigah stolu arxasına gedib çıxdı. Cütlük 1946-cı ildə Kubada evləndi və Mary onun ölümünə qədər yanında qaldı.

Bu dəfə qarşımızda artıq 20-ci illərin gənc Heminqueyi yox idi. Bu, müharibələr görmüş, şöhrət qazanmış, bir neçə dəfə evlənmiş, çoxlu içki içmiş, fiziki və psixoloji travmalar yaşamış, yaradıcılığında uzun fasilə yaranmış bir yazıçı idi. Məhz bu mərhələdə dünya ədəbiyyatının şedevrlərindən biri - "Qoca və dəniz" doğuldu.

1952-ci ildə çap olunan əsər Heminqueyə yenidən böyük ədəbi uğur qazandırdı. İki il sonra isə yazıçı Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Nobel komitəsi onun "hekayəçilik sənətində ustalığı" və müasir üsluba təsirini xüsusi qeyd etmişdi.

Mary bu son mərhələnin ən əvəzsiz şahidi idi. O, Heminqueyin əvvəlki həyat yoldaşları kimi onun yaradıcılığının başlanğıcında yox, zirvəyə və sonluğa gedən yolunda yanında idi.

Mary ilə Heminqueyin münasibəti haqqında danışarkən ən maraqlı məqam budur ki, əvvəlki qadınların hər biri müəyyən mənada onun həyatının bir dövrünü təmsil edirdisə, Mary onun bütün keçmişinin ağırlığını daşıyan Heminqueylə birlikdə yaşayırdı.

Bəs onu hansı qadın dəyişdi?

Əslində, Heminqueyin yazıçılığını yalnız qadınlarla izah etmək mümkün deyil. Birinci Dünya müharibəsi, jurnalistika, İspaniya vətəndaş müharibəsi, Afrika səfərləri, Kuba, İkinci Dünya müharibəsi, dostluqları, rəqibləri, içki, xəstəliklər, şöhrət və öz daxili dünyası onun ədəbiyyatını formalaşdıran çoxsaylı amillər idi. Nobel bioqrafiyası da onun yaradıcılığının müharibə, sevgi, təbiət və itki kimi geniş mövzular ətrafında qurulduğunu göstərir. Amma bu dörd qadının da onun həyatına, yaradıcılığına, şəxsiyyətinə təsirsiz ötüşdüyünü demək haqsızlıq olardı.

Hadley - gənc Heminqueyin arxasında dayandı.

Pauline - ona gerçək ailəni və atalığı tanıtdı.

Martha - onun qarşısına özünə bərabər bir yazıçı və müharibə jurnalisti kimi çıxdı.

Mary - şöhrətin zirvəsində, həyatın son mərhələsindəki Heminqueyin əbədi sirdaşına çevrildi.

Heminqueyin dörd evliliyinin hər biri bir kitabın fəsli kimi görünür. Və bəlkə də ən maraqlısı budur ki, həmin qadınların heç biri özünü, öz varlığını, bu həyatdakı missiyasını "Heminqueyin arvadı" etiketi ilə məhdudlaşdırmadı.

Hadley öz hekayəsi olan qadın idi. Martha XX əsrin ən mühüm müharibə müxbirlərindən birinə çevrildi. Pauline və Mary isə jurnalist kimi yetərincə uğurlara və öz yoluna sahib qadınlar idilər. Heminquey onların həyatına daxil oldu. Onlar isə Heminqueyin yazdığı dünyanın içində qaldılar.

Bu səbəbdən Heminqueyin dörd qadınının hekayəsi əslində bir kişinin dörd dəfə evlənməsindən daha artıqdır. Bu, bir yazıçının dəyişən dünyasının dörd qadının həyatından keçən tarixidir. Ona görə də maraqlıdır, əgər Hadley, Pauline, Martha və Mary onun həyatından keçməsəydilər, biz bu gün tanıdığımız Heminquey yenə də eyni Heminquey olardımı?..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью