Həmrəylik, sülh və əməkdaşlıq

21.09.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər ölkəmizin Türk dünyası, Qafqaz və İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əsas prioritetlərini bir daha nümayiş etdirdi.Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər Azərbaycanı yalnız Türk dünyasının deyil, eyni zamanda Qafqaz və İslam coğrafiyasının mühüm mənəvi və mədəni mərkəzlərindən biri kimi səciyyələndirir.Azərbaycan xalqının Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərlə zəngin olan tarixi-mədəni irsi bu gün də milli kimliyimizin və mənəvi dəyərlərimizin mühüm dayaqlarından biridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, belə tədbirlərin əsas mahiyyətlərindən biri birlik və həmrəyliyə xidmət etməsidir. Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, xalqlar və dini icmalar arasında qarşılıqlı anlaşmanın, sülhün və əməkdaşlığın təşviqinə öz töhfəsini verməyə davam edəcək.Ölkəmizin təşəbbüsü ilə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da bu siyasətin mühüm nümunələrindən biri idi. Qarşıdakı dövrdə Bakının İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın müsəlman dünyasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrin daha bir ifadəsidir.Prezident İlham Əliyevin çıxışında Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də xüsusi diqqət yetirilməsi olduqca əhəmiyyətlidir. Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, şəhər və kəndlərin yenidən qurulması, həyatın bərpa olunması Azərbaycanın Zəfər tarixinin mühüm davamıdır.Xüsusilə diqqətçəkən məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası və yenidən qurulmasıdır. Ağdam məscidindən başlanılan bu proses Azərbaycanın milli-mənəvi dəyərlərə və İslam irsinə bağlılığının aydın göstəricisidir. İşğal zamanı dağıdılmış dini və mədəni abidələrin bərpası həm tarixi ədalətin bərpasına, həm də milli yaddaşın qorunmasına xidmət edir.Bu gün Azərbaycan qalib dövlət kimi öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, sülh gündəliyini də ardıcıl şəkildə həyata keçirir. Ölkəmizin sülhə verdiyi önəm regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyi aydındır: Türk dünyasında, Qafqazda və bütövlükdə İslam coğrafiyasında sabitlik, qarşılıqlı etimad və əməkdaşlıq möhkəmlənməlidir. Bu istiqamətdə dini liderlərin üzərinə də böyük məsuliyyət düşür. Onların sülhə, əmin-amanlığa və qarşılıqlı hörmətə çağırışları cəmiyyətlər arasında anlaşmanın gücləndirilməsində mühüm rol oynayır.Bakıda keçirilən bu mühüm tədbirlər Türk dünyası və İslam aləmi arasında əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və sülh ideyalarının təşviqinə yeni imkanlar yaradacaq. Azərbaycan bundan sonra da birlik, həmrəylik, sülh və əməkdaşlıq prinsiplərinə sadiq qalaraq regional və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi istiqamətində öz layiqli töhfəsini verəcək.

Fatma Yıldırım

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью