Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Varis Rüstəmov, YAP Sabirabad rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir.
Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarıdır.
Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır.
Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın, siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti, ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır.
Bu tarixi şəraitin yetişməsi və rəsmiləşməsinə nəzər salaq: 31 dekabr 1989-cu il.
Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı.
Bu hərəkatı doğuran səbəblər, əlbəttə, on illiklər boyu bir-birindən təcrid edilmiş, aralarında keçilməz sədlər çəkilmiş Azərbaycan xalqının təbii hissləri ilə bağlı olsa da, bu hərəkat əslində, Sovet İttifaqının müstəmləkəçi siyasətinə, kommunist ideoloji sisteminə qarşı xalqın bütün demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı idi.