Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı – Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova 18–19 iyunda İtaliya Respublikasının şimalında yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.
Federasiya üzvləri Tre Cime di Lavaredo (Tre Çime di Lavaredo – “Lavaredonun üç zirvəsi”) massivində yerləşən, 2744 metr hündürlüyə malik Monte Paterno zirvəsinə məşhur De Luca–Innerkofler Via Ferrata marşrutu üzrə uğurla yüksəliblər. Texniki xüsusiyyətləri, qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən bu marşrut Dolomitlərin ən maraqlı və populyar via ferrata marşrutlarından biridir.
Yüksəliş zamanı iştirakçılar mürəkkəb dağ relyefi, sıldırım qayalıqlar və yüksək dağ şəraitinin yaratdığı çətinlikləri uğurla dəf edərək zirvəyə çatıblar. Zirvədən Tre Cime di Lavaredo, Cadini di Misurina və ətraf Dolomit silsilələrinin möhtəşəm mənzərələri müşahidə olunub.
Qabil YUSİFOĞLU
XQ