Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın “Ön söz”ünün müəllifi ədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxış ediblər.
Görüşdə fəlsəfə doktoru Müşviq Ötkün, Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və “Real” tv-nin aparıcısı tanınmış jurnalist İlham Şaban müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin mahiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, “Elm və təhsil” nəşriyyatında çap olunan “Qapı” axtarışların və sualların kitabıdır. Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulub, həmçinin Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer alıb. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.
Tədbir imza saatı ilə davam edib.