“Həqiqətən köməyə ehtiyacı olan insan necə yaşamalıdır?!”

17.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Fövqəladə Sosial Dəstək Fondunun yaradılması təklif edilib.
Bizim.Media xəbər verir ki, deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu təkliflə çıxış edib.
O bildirib ki, mövcud ünvanlı dövlət sosial yardımı mexanizmi müxtəlif prosedurlar, gəlirlərin hesablanması və digər meyarlar səbəbindən həqiqətən ağır vəziyyətdə olan bəzi insanların yardımdan yararlanmasına imkan vermir:
"Təsəvvür edək, bir ailənin ötən il normal gəliri olub. Ancaq bu gün ailə başçısı ağır xəstələnib, işini itirib, qəza keçirib və ya ailənin başına başqa bədbəxt hadisə gəlib. Ailənin iqtisadi vəziyyəti bir neçə gün ərzində tamamilə dəyişib. Amma mövcud qiymətləndirmə mexanizmi ailənin əvvəlki dövr üzrə gəlirlərini də nəzərə alır. Nəticədə insanın bugünkü ehtiyacı ilə sosial yardım meyarları arasında ciddi fərq yaranır. Digər tərəfdən, elə xəstələrimiz var ki, müalicə və dərman xərclərini qarşılamaq imkanları yoxdur, bəzi zəruri xidmətlər isə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. 
Sosial Xidmətlər Agentliyinin xidmətlərinə ehtiyacı olan, lakin müxtəlif, o cümlədən bəzən səhlənkarlıq səbəblərindən həmin xidmətlərə çıxış əldə edə bilməyən vətəndaşlarımız da kifayət qədərdir. Burada haqlı bir sual yaranır: mövcud sosial müdafiə mexanizmlərinə müxtəlif obyektiv və subyektiv səbəblərdən çata bilməyən, amma həqiqətən köməyə ehtiyacı olan insan nə etməlidir?! Necə yaşamalı, necə sağ qalmalıdır?!"
Bu baxımdan deputat dövlət büdcəsində ayrıca Fövqəladə Sosial Dəstək Fondu yaradılmasını təklif edib:
"Bu fond ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməzb hadisələr nəticəsində ağır vəziyyətə düşən ailələrə operativ və ünvanlı yardım göstərsin".
Deputat, həmçinin minimum pensiyaların real alıcılıq qabiliyyətinə diqqət çəkib.
O bildirib ki, pensiyanın nominal məbləğinin artırılması hər zaman pensiyaçının həyat şəraitinin yaxşılaşması demək deyil:
"Ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərin artımı nəzərə alınaraq, pensiyaların indeksləşdirilməsi mexanizmi real yaşayış xərclərinə daha həssas olmalıdır".
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью