Hər ay eyni problem: Maaş niyə tez bitir?

19.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maaşın ayın sonuna çatmaması artıq bir çox ailənin əsas maliyyə problemlərindən birinə çevrilib. 

Əməkhaqqı hesaba köçən kimi kirayə, kommunal ödənişlər, ərzaq, nəqliyyat və digər zəruri xərclər üçün ayrılan vəsaitin böyük hissəsi qısa müddətdə tükənir. Ayın sonuna doğru ailə büdcəsində yaranan maliyyə sıxıntısı daha da artır.

Maaşın tez tükənməsinin əsas səbəbi qiymətlərin artmasıdır, yoxsa gəlirin düzgün planlaşdırılmaması?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, maaşın ayın sonuna çatmamasını yalnız qiymət artımı ilə və ya yalnız büdcənin düzgün idarə olunmaması ilə izah etmək olmaz:

"Burada əsas problem gəlirlə zəruri xərclər arasındakı fərqin getdikcə azalmasıdır. Ərzaq, kirayə, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclər gəlirin böyük hissəsini aparırsa, ailə büdcəsini nə qədər yaxşı planlaşdırsa da, ayın sonunda vəsait çatışmazlığı yarana bilər.

Xüsusilə gəlirin əsas hissəsi məcburi və təxirə salınması mümkün olmayan xərclərə yönəldikdə, ailənin digər ehtiyaclar üçün ayırdığı vəsait azalır".

Onun sözlərinə görə, bununla yanaşı, büdcənin düzgün planlaşdırılmaması da vəziyyəti ağırlaşdıra bilər: 

"Plansız alış-veriş, kredit və taksit ödənişləri, eləcə də ayrı-ayrılıqda kiçik görünən, lakin ay ərzində toplanaraq ciddi məbləğə çatan xərclər ailənin maliyyə imkanlarını zəiflədir.

Bu səbəbdən gəlirin hara və nə qədər xərcləndiyinin əvvəlcədən müəyyənləşdirilməsi müəyyən qədər maliyyə yükünü azaltmağa imkan verir".

Ekspert qeyd edib ki, ona görə də əsas səbəb kimi gəlirlərin zəruri xərclərin artımını tam kompensasiya etməməsini göstərmək daha doğru olar:

"Büdcənin düzgün planlaşdırılması və lazımsız xərclərin azaldılması problemi müəyyən qədər yüngülləşdirə bilər.

Lakin gəlir əsas ehtiyacları qarşılamağa kifayət etmirsə, qənaət imkanları da məhdudlaşır.

Belə vəziyyətdə ailə yalnız xərcləri azaltmaqla deyil, eyni zamanda gəlir və zəruri xərclər arasındakı fərqi nəzərə almaqla büdcəsini formalaşdırmalı olur".

Gülər Həsənli
"Cebheinfo.az"

Açar sözlər: Maaş Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью