Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ev şəraitində balın təbii olub-olmadığını müəyyənləşdirmək üçün bir neçə sadə üsulun mövcuddur. Bu üsullardan biri damcı və axıcılıq testidir. Təbii bal qaşıqdan axarkən qırılmadan, sap şəklində və fasiləsiz süzülməlidir. Eyni zamanda, qaba töküldükdə dərhal yayılmamalı, bir müddət təpəcik formasını saxlamalıdır. Saxta bal isə daha duru olur və səthə töküldükdə tez yayılır".
Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
Onun sözlərinə görə, belə ki, təmiz salfet və ya qalın kağızın üzərinə bir damcı bal qoymaqla onun tərkibindəki nəmlik barədə ilkin fikir əldə etmək mümkündür. Bal kağıza hopur və ətrafında nəm ləkə yaranırsa, bu, tərkibində suyun çox olmasına işarə edə bilər:
"Digər üsullardan biri isə kibrit testidir. Bunun üçün kibrit çöpünün baş hissəsi bala batırılaraq yandırılır. Mütəxəssisin izahına görə, balın tərkibində nəmlik çox olduqda kibritin alışması çətinləşə bilər.
Seymur Qafarov balın kristallaşması məsələsinə də toxunub. O bildirib ki, insanlar bəzən balın şəkərləşməsini onun saxta olmasının əlaməti hesab edirlər. Halbuki təbii bal zaman keçdikcə və temperaturun təsiri ilə kristallaşa bilər. Bu, balın növündən və tərkibindən asılı olan təbii prosesdir. Balın uzun müddət kristallaşmaması isə onun keyfiyyəti ilə bağlı əlavə araşdırmaya ehtiyac yarada bilər.
Qida mütəxəssisi ən keyfiyyətli bal növləri barədə də danışıb. Onun sözlərinə görə, dünyada ən yaxşı bal anlayışı nisbidir. Çünki hər çiçək növündən əldə edilən balın özünəməxsus dadı və xüsusiyyətləri var.
Azərbaycanda daha çox seçilən bal növləri arasında akasiya, şabalıd və dağ çiçəyi balları xüsusi yer tutur. Bu ballar zəngin tərkibinə və fərqli dad xüsusiyyətlərinə görə qiymətləndirilir. Dünya miqyasında isə son dövrlərdə Yeni Zelandiyada istehsal olunan manuka balı da populyarlıq qazanıb.
Mütəxəssis Azərbaycanın bal istehsalı ilə tanınan bölgələrinə də diqqət çəkib. Bildirib ki, Zaqatala və Balakən meşə balları ilə seçilir. Cənub bölgəsində, xüsusilə Lerikdə zəngin bitki örtüyü və dağətəyi ərazilər keyfiyyətli bal əldə olunmasına imkan yaradır.
Yüksək dağlıq ərazilərdə yerləşən subalp çəmənlikləri də bal istehsalı üçün əlverişli təbii şəraitə malikdir. Bu baxımdan Kəlbəcər və Laçın əraziləri xüsusi əhəmiyyət daşıyır. Gədəbəy balı isə zəngin dağ florası və özünəməxsus xüsusiyyətləri ilə ölkədə tanınan bal növlərindən biridir"