Hər dərdin dərmanı Vətən!

15.05.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

88 yaşlı Füzuli Quliyev Cəbrayıla qayıdandan sonra bütün ağrı-acılarını unudub

2023-cü ildə Dövlət Proqramı çərçivəsində Cəbrayıl rayonunda görülən işlərlə tanış olarkən “Azərişıq” ASC-nin yerli şöbəsində baş mühəndis işləyən Zaur Quliyevlə həmsöhbət olmuşdum. İlk söhbətimizdə bu insanın torpaq həsrətini və doğma yurda qayıdış anını səbirsizliklə gözlədiyini açıq-aydın hiss etmişdim. Həmin vaxtdan 3 il ötsə də, vaxtaşırı olaraq zəngləşir, hal-əhval tuturduq. Telefon söhbəti zamanı onun doğma rayonuna qayıdışı ilə bağlı təəssüratlarını dinləyir, iş və yaşayış şəraiti ilə maraqlanırdım.

Zaur o vaxt deyirdi ki, əzəli yurdumuza birincilər sırasında qayıtmaq və bərpa-quruculuq işlərində iştirak etmək üçün rayonda işləməyə üstünlük verib. Əslən rayonun Süleymanlı kəndindən olan Zaur Quliyev ali təhsil aldıqdan sonra rayon mərkəzində ixtisası üzrə çalışıb. Onun sözlərinə görə, ailədə hamı kimi yaşlı atası da torpaq həsrəti ilə yaşayır, yurda dönüş anını səbirsizliklə gözləyirdi. Növbəti söhbətlərimizin birində isə o demişdi ki, 88 yaşlı atası da rayona ilk qayıdanlardan olub. İndi ata-oğul ailələri ilə bir binada, qonşu mənzillərdə yaşayırlar.

Ömürünün ahıl çağlarını yaşayan Təbriz Quliyev ilə söhbətimiz ötən günlərə işıq salır. Ağsaqqal deyir ki, 1958-ci ildən rayonda MTS-də sürücü işləyib, 1964-cü ildən isə rayon mərkəzində yaşayıb. Həyatın həm xoş, həm də çətin günlərini görüb. Rayon işğal olunanda kiçik oğlu Seymur cəbhədə idi. Ağır döyüşlərin birində uzun müddət ondan xəbər ala bilməyiblər: “Gözlərimiz günlərlə yollarda qaldı. Həyat yoldaşım ömrünün sonuna qədər o ağrıları unuda bilmədi”... Qəhər onu boğduğundan söhbətinin davamını gətirə bilmir.

“Seymur əsgər yoldaşları tərəfindən yaralı halda döyüş meydanından çıxarılıb, uzunmüddətli müalicədən sonra ikinci dərəcəli müharibə əlili olub”, – deyə qonşusu Füzuli kişi söhbətə qarışır. “Çox əziyyət çəkdik, amma şükür bugünümüzə. Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti və əsgərlərimizin rəşadəti nəticəsində torpaqlarımız 44 gün ərzində azad olundu. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş bir çox ərazilərdə olduğu kimi, Cəbrayılda müasir evlər tikilərək keçmiş köçkünlərin ixtiyarına verildi. Yaşayış şəraitimiz çox yaxşıdır, qocaların rahatlığı üçün söhbətgahlar, körpələrin istirahəti üçün əyləncə yerləri quraşdırılıb. Məktəblərdə və uşaq bağçalarında yaradılmış şərait hər birimizin sevcinə sevinc qatır”.

Torpağa qayıdış anını həyatının ən xoşbəxt günü kimi qiymətləndirən həmsöhbətim maraqlı bir məqama da toxunur: “Uzun illər idi ki, təzyiqim məni son dərəcə narahat edirdi. Köçkünlük illərində Bakıda yataqxanada yaşamaq vəziyyətimi daha da ağırlaşdırırdı. Hiss edirdim ki, doğma yurdumun havası, suyu, hətta cığırı da mənə şəfa olacaq. 2024-cü il sentyabrın 26-da rayona qayıdan ilk sakinlərdən biri oldum və elə birinci gündən narahatlıqlarım azalmağa başladı. Bununla yanaşı, 30 ildən çox idi ayaqlarım ağrıyırdı, gəzə bilmirdim, indi isə xeyli yaxşılaşmışam, sərbəst hərəkət edirəm”.

Bu gün 88 yaşlı Təbriz kişi özünü gümrah hiss edir, qonşularla tez-tez görüşür, gənclərlə söhbət edir. O, bəzi hallarda rayon mərkəzindən 10 kilometr məsafədə yerləşən Horovlu kəndinə də baş çəkir: “Ora getmək mənə rahatlıq verir. Uzun illər sürücü və yanğından mühafizə sahəsində işlədiyim üçün rayonun bütün ərazilərini yaxşı tanıyıram. Mütəmadi olaraq köhnə dostlarla görüşüb keçmişi xatırlayırıq. Bir idarədə işlədiyim Fazil Bəhrəmovla isə tez-tez söhbətləşirik”.

Maraqlı xatirələri ilə hər kəsin rəğbətini qazanan Füzuli kişi isə günlərini əsasən qonşularla ünsiyyətdə keçirir. O, həm keçmişi yada salır, həm də bugününə şükür edir, dövlətin uğurlu sosial siyasətindən danışır, gənclərə düzgün yol göstərməyə çalışır.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью