Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, yuxu mütəxəssisləri melatoninin uzun müddət və nəzarətsiz istifadəsinin müəyyən risklər yarada biləcəyini bildirirlər.
Melatonin insan beynində təbii şəkildə istehsal olunan hormondur. Qaranlıq düşdükdə onun ifrazı artır və orqanizmə yuxu vaxtının çatdığını bildirir. Yaş artdıqca bədəndə melatonin istehsalı azala bilər. Bu isə bəzi insanlarda yuxu rejiminin pozulmasına səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, melatonin yuxugətirici sakitləşdirici vasitə deyil. Onun əsas funksiyası insanın yuxu rejimini tənzimləməyə kömək etməkdir.
Araşdırmalara əsasən, apteklərdə satılan melatonin əlavələrinin tərkibindəki maddənin miqdarı qablaşdırmada göstərilən rəqəmdən xeyli fərqlənə bilər. Bəzi nümunələrdə faktiki melatonin miqdarının etiketdə göstəriləndən 667 faizədək çox olduğu müəyyən edilib.
Yuxu mütəxəssisləri bildirirlər ki, melatoninin uzunmüddətli istifadəsi insanda psixoloji asılılıq da yarada bilər. Belə ki, bəzi insanlar preparat qəbul etmədən yata bilməyəcəklərinə inanmağa başlayırlar.
Məqalədə 2025-ci ildə Amerika Ürək Assosiasiyasının təqdim etdiyi araşdırmanın nəticələrinə də diqqət çəkilir. Tədqiqatda ən azı bir il melatonin qəbul edən yuxusuzluq problemi olan şəxslərdə ürək çatışmazlığı riskinin preparatdan istifadə etməyənlərlə müqayisədə 90 faiz daha yüksək olduğu bildirilib.
Bununla belə, mütəxəssislər həmin araşdırmanın melatoninin birbaşa ürək çatışmazlığına səbəb olduğunu sübut etmədiyini vurğulayırlar. Burada yalnız statistik əlaqə müəyyən edilib.
Melatoninin mümkün yan təsirləri arasında baş ağrısı, başgicəllənmə, ürəkbulanma və gün ərzində yuxululuq da var.
Həkimlər qeyd edirlər ki, melatonin bəzi hallarda, xüsusilə saat qurşağının dəyişməsi və növbəli iş rejimi səbəbindən yaranan yuxu problemlərində faydalı ola bilər. Lakin xroniki yuxusuzluğun müalicəsi üçün onun effektivliyinə dair kifayət qədər güclü elmi sübut yoxdur.
Mütəxəssislər yuxu problemini aradan qaldırmaq üçün ilk növbədə gündəlik rejimin qaydaya salınmasını tövsiyə edirlər. Hər gün eyni vaxtda yatıb oyanmaq, yataq otağını qaranlıq və sərin saxlamaq, yatmazdan ən azı bir saat əvvəl telefon və kompüterdən uzaqlaşmaq, axşam saatlarında kofein və ağır qidalardan çəkinmək məsləhət görülür.
Həkimlər melatonin preparatlarını uzun müddət qəbul etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşməyi tövsiyə edirlər.