Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan teatr və kino sənətinin tanınmış siması, Xalq artisti Məbud Məhərrəmov uzun illərdir milli səhnədə uğurla fəaliyyət göstərir. Səməd Vurğun adına Rus Dram Teatrının aparıcı aktyorlarından biri olan sənətkar teatrda 100-dən çox obraz yaradıb, eyni zamanda bir çox bədii və televiziya filmlərində maraqlı rolları ilə tamaşaçı rəğbəti qazanıb. 50 ilə yaxın müddətdə teatr fəaliyyəti ilə məşğul oan Məbud Məhərrəmov Azərbaycan Televiziyası ilə də əməkdaşlıq edir.
Modern.az saytı sıx qrafiklə çalışan sənətkarla imkan taparaq söhbətləşib. Məbud Məhərrəmovla müsahibəni təqdim edirik:
- 2008-ci ildə Rus Dram Teatrının təmirdən sonra açılması, yenidən fəaliyyəti teatra marağa və tamaşaçı sayına necə təsir göstərdi?
- Azərbaycanda teatra maraq, əslində, həmişə olub.
2008-ci ildə, əsaslı təmirdən sonra Rus Dram Teatrının açılışı oldu. Açılışda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etdi.
Təmirdən sonra teatra maraq, tamaşaçı sayı daha da artdı. Hər teatrın öz tamaşaçısı var. Mən hətta Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşaçılarının da bura maraq göstərdiyini müşahidə etmişəm.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və Moskva Dövlət Universitetinin Bakı filialından professor-müəllim heyəti o zamanlar tamaşalarımıza gəlirdilər. Çox bəyənib heyrət edirdilər. Ona qədər Azərbaycanda belə dram teatrlarının fəaliyyətindən xəbərsiz idilər.

- Azərbaycanda teatrın ümumi durumundan razısınız?
- Razıyam. Tək bizim teatr deyil. Bakıda fəaliyyət göstərən digər peşəkar kollektivlər - Milli Akademik Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar, Pantomima, Kukla, Yuğ teatrları - hamısının adını çəkə bilmirəm. Amma hamısı öz sözlərini deyən səhnələr yaradıblar.
Çox xoşdur ki, Bakıda yeni teatrlar da yaranır. Xalq artisti Vidadi Həsənov “M Teatr”ı yaratdı.
Paytaxtdan kənarda - Gəncədə, Sumqayıtda da teatrlarımız var.
Bilirsiniz, bəzən istəyirlər ki, hər tamaşa şedevr olsun. Bu mümkün deyil axı. Hər gün aş yemək olmur. Hər gün Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov doğulmur.
- Süni İntellektin teatra təsirindən narahat deyilsiz ki?
- Yox. Süni intellektlə çox şey etdilər. Musiqiyə qədər yazdılar. Amma tamaşa yarada bilməyəcəklər. Bizim sənət diri sənətdir. Teatr canlı insan deməkdir. Film deyil ki, ekranda düzəldilsin, montaj olunsun. İnsanlar da fərqi anlayırlar. Tamaşaçı teatrda kinoya yox, canlı həyata baxır.
Tamaşaçı eyni tamaşaya təkrar gələ bilər. Amma filmə baxan kimi eyni kadrı görməyəcək. Çünki ssenari eynən qalsa da, rolu oynayan aktyor fərqli psixoloji durumda ola bilər. Hər halda eyni təsiri bağışlamayacaq.
Burada əks əlaqə faktoru da var. Auditoriyadan bizə “energetika” gəlir. Zalın aurasını hiss edirik. Öz aramızda deyirik: “Bu gün tamaşaçı ağırdır. Yaxud da bu gün tamaşaçı yüngüldür, yaxşıdır”.
- Bəs mənfi auranı necə dəf edirsiniz?
- Bəzi aktyorlar zalı görürlər, göz qoyurlar. Məndə başqa cürdür. Ümumən bilirəm ki, izləyənlər var. Amma konkret hansısa şəxsə, hissəyə fokuslanmıram, baxmıram. Bu, qorxudan irəli gəlmir. Mən ancaq rolumu yaşayıram. Mənim üçün əsas budur.

- Deyirlər, aktyorlar yaratıqdıqları obrazların qurbanı olurlar. Hətta ölümlərini də rolun təsiri, nəticəsi kimi qələmə verənlər var...
- Bəli. Bu mənə də təsir edir. Amma dediyiniz dərinlikdə yox. Mənim üçün “etap rollar” var. “Etap” bir növ keçiddir və yeni pilləyə qədəm hesab etmək olar.
Məsələn, “Karamazov qardaşları”nda ata rolum, “Kral Lir”də təlxək, “Mənim ərim dəlidir” tamaşasında ər rolum və s. mənim pillələrim, mayaklarımdır.
Hə, rolların xüsusiyyətləri sənə keçir, onların xarakterini canlandırırsan axı.
Bu ondan asılıdır ki, qəhrəmanın yaşadıqlarını yaşayırsan. Rəhmətlik anam sağ idi. Xatırlayıram, evdə məşq edəndə, danışanda qonaqlar məni görürdü. Anam da deyirdi ki, fikir verməyin, təzə rolundandır, məşq edir.
Yəni o qədər bağlanırsan ki, iş-ev sərhədi qalmır. Ssenaridə oynamaq üçün onu tamamilə başa düşürsən. Yaradana, anlayana qədər narahat olursan. Hətta gecələr oyanmaq halı olur.
Bəzən soruşurlar ki, oynadığın rolun təsiri altından nə zaman çıxırsan? Əslində məsələ belə deyil. Rolun dərinliyinə ensən, bəlkə də oradan çıxa bilməzsən. Rolu anlamaq lazımdır. Mənfi obraz tamaşaşı üçün mənfidir. Mən onu öyrənirəm. Niyə mənfi çalar yaranıb? Obrazı daxili aləmimdə əsaslandırıram. Yəni mənim rola baxışımla izləyicinin baxışı, münasibəti eyni deyil.
- Sizi sənətə istiqamətləndirən kim və ya nə olub?
Bunu əvvələr də demişəm. Aktyor kimi doğulamaq lazımdır. Sənət onun içində olmalıdır. Uşaqlıqda mən nəyisə danışmırdım, göstərirdim. Bu mənim canımda idi.
Sənət ümumi sözdür. Teatra baxaq. Bura yaxşı mənada bir “virusdur”. Kimlərsə ötəri gələ bilər bura. Amma “yoluxub” qalanalar var. Yoluxan üçün fərq etmir, onun səhnə performansı necədir. Məşhur ola bilib ya yox. Uğurludur ya şanssız. O, sadəcə, buradadır, peşəyə bağlanıb. Hərənin öz uğuru, öz bəxti-taleyi və istedadı var.

- Kino ilə teatrı müqayisə edək. Kinonun çəkisi niyə üstələyir?
- Kinonun texniki imkanları burada rol oynayır. Kütləvilik buradan gəlir. Teatr çətindir. Səhnəni onlayn formatda haraya daşıya bilərsən ki?
Bir fakt da var ki, teatrın təbliği üçün televiziya verilişlərində proqram dəyişikliyi olmalıdır.
Və əvvəl qeyd etdiyim süni intellekt məsələsi. Bu texnologiya bura digər sahələrə tətbiq edildiyi kimi edilə bilməz.
- Bəs teatr və kino həvəskarlarını müqayisə etsək?
- Mənə elə gəlir ki, teatr həvəskarları daha intellektualdır. Mən demirəm ki, ciddi sərhəd var. Tamaşaya baxan, əlbəttə, kinoya da baxa bilər. Amma bayaq dediyim kimi, aktyorlar burada necə “yoluxubsa”, izləyiciləri də elə.
- Sovet dövründə daha populyar idiniz ya indi?
- Populyarlıq deyəndə, işin əsasına-istedada baxmaq lazımdır. Burada o qədər istedadlı, bacarıqlı aktyorlar var ki. Amma proqram üzrə hər dəfə səhnədə, məsələn, yüz nəfər adam onu görür. Ancaq film aktyoru milyonların qarşısına çıxır.
Məsələn, “Komedixana”. Küçəyə çıxanda hamı onları tanıyırsa, bu o demək deyil ki, onlar dahi aktyorlardı və ya gözəl komiklərdi. Amma populyar ola bilərlər.
Yəni dediyim kimi, televiziya, internetin təsiri var. Mən küçəyə çıxım, on nəfərdən səkkizi məni televiziyadan, ikisi teatrdan tanıyacaq. Amma teatr səhnəsində yüzə yaxın rolum var.
Mən uşaq tamaşalarında da oynamışam. Zaman var idi ki, məni uşaqlar tanıyırdı. Uşaqlar məni sevirdilər. Valideynlər məni uşaq aktyoru kimi tanıyırdılar. Əlbəttə, zaman keçdikcə oynadığım rolların diapazonu böyüdü.
Sovet dövrünün Rus Dram Teatrı ilə əlaqəli bir faktını qeyd edim. Teatrımız bir növ müstəqillikdən sonra da qapı rolunu oynadı. Sovet hakimiyyəti dağılmışdı. Keçmiş ittifaq ölkələrinin mərkəzi dili rus dili idi. Bu ölkələrdən sonralar da kimlərsə gələndə bizim səhnələrimiz ortaq-tanış mədəniyyət kimi fayda verirdi. Yəni rus dili postsovet məkanında yararlı olub. Biz Azərbaycan mədəniyyətini bu yolla yaymışıq. Biz burada yalnız rus və qeyri xalqların əsərlərini canlandırmırıq. Nizami Gəncəvi, Mirzə Fətəli Axundov kimi dahilərimizin əsərləri repertuarımızda yer alır. Eyni zamanda son dövr yazıçılarımızdan Anarın, Elçin Əfəndiyevin tamaşaları da oynanılır. Vaqif Səmədoğlunun da əsərlərini oynamışıq.
Yeni bir premyeramız da oldu. İsmayıl İmanın pyesi əsasında...

- Aktyorlar həm də müğənnilikdə özlərini sınayırlar. Bunu necə qəbul edək? Şöhrətdən sui-istifadə kimi?
- Baxır, aktyor necə oxuyur. Belə bir janr var: şanson. Bu janrın ifası üçün çox güclü, əsrarəngiz səsə sahib olmaq lazım deyil. Oxuya bilirsə, oxusun. Mirzə Babayev də bu janrda oxuyurdu.
- Maaşınızdan razısınız? Daha nəyə diqqət ayrılmağını istəyirsiniz?
- Teatra diqqət ayrılmasını istəyirəm. Dövlət tərəfindən yardım ayrılmasını istəyirəm. İnkişaf üçün rayonlarda da teatrları yaratmaq lazımdır.
Dövlət sifarişi əsasında maliyyələşmə az halda olur. Lakin bu azdır axı. Teatr statusunu saxlamaq üçün daim işləməli, yeni tamaşalar yaratmalıdır. İrəli gələn xərcləri qarşılamalı olursan.
Biletlər də siz deyən baha olmur. Xaricdəki kimi baha qiymət qoymaq olmur. Bura gələnlərin çoxu ziyalıdır. Ziyalı da maaşa baxan adam olur.
- Filmlərə dəvət alırsınız?
- Sonuncu dəfə pandemiya dövründə Mozalan kinostudiyasının çəkdiyi “Olimpiya” bədii filminə çəkilmişəm.
AzTV-də yeni layihəmiz davam edir. "Mozalan" kimi “Biz” serial xarakterli çəkilişlərimiz var. “Kinoklubda görüş” verilişini bərpa etdik. Birinci buraxılışımızı Nəsibə Zeynalovaya həsr etdik. İkinci Yaşar Nuri haqda oldu. Hər ikisi unudulmaz sənətkarlarımızdır.
Çox istəyirəm ki, televiziya tamaşaları geri qayıtsın. Sovet vaxtı “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar” kimi tamaşalar yaradıldı. İndi bu istiqamət davam etdirilsə, yaxşı olardı.
İndi kimi dindirirsən, deyir, televiziyaya baxmıram. Dediyim televiziya tamaşaları dirçəldilərsə, efirə maraq da yaranacaq.
Düzdür, verilişlər var. Məni qonaq da çağırırlar, hərdən gedirəm.

- Görünür, cavanlar efir rəqabətində sizin nəslin nümayəndələrini üstələyib.
- Vaxtı ilə mən də cavan idim, onlar kimi çox olurdum verilişlərdə. Bu, təbiidir.
Amma indiki cavanlara deyəcəklərim var.
Bizim bir atalar sözümüz var: “Ağac bar gətirəndə başını aşağı əyər”. Bir-iki seriala çəkilməklə iş tamam olmur. Sənətkar, ümumiyyətlə, insan öz üzərində daim işləməlidir. Bu günə qədər mən öyrənirəm. Özüm-özümlə mübarizədəyəm. Gənc sənətkar özü ilə daha çox mübarizə aparmalıdır. Onların öyrənəcəkləri hələ çox şey var.