Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Artem Barışev danışıb.
Onun sözlərinə görə, heç bir qida məhsulu öz-özlüyündə insulta səbəb olmur. Lakin həddindən artıq duz, emal olunmuş ət məhsulları, trans yağlar və şəkərli içkilərdən istifadə qan təzyiqinin, xolesterinin və qanda qlükoza səviyyəsinin yüksəlməsinə, çəki artımına və aterosklerozun inkişafına səbəb ola bilər.
Həkimin sözlərinə görə, ən böyük təhlükəni həddindən artıq duz istehlakı yaradır. Duzlu qidalar insultun əsas risk faktorlarından biri olan arterial təzyiqi yüksəldir. Duz təkcə evdə hazırlanan yeməklərdə deyil, kolbasa, sosis, hisə verilmiş məhsullar, konservlər, yarımfabrikatlar, hazır souslar, fastfud və bəzi pendir növlərində də çox olur. İnsan çörəyi tez-tez qəbul edirsə, bu məhsul da gündəlik duz miqdarının artmasına əhəmiyyətli təsir göstərə bilər.
Həkim Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsini xatırladaraq bildirib ki, böyüklər gün ərzində məhsulların tərkibindəki duz da daxil olmaqla, 5 qramdan az duz qəbul etməlidirlər.
Onun sözlərinə görə, emal olunmuş ət məhsullarının müntəzəm istehlakı da arzuolunmazdır. Belə məhsulların tərkibində natriumla yanaşı, “pis” xolesterinin səviyyəsini yüksəldən və damarlarda aterosklerotik lövhələrin yaranmasına şərait yaradan doymuş yağlar da çoxdur. Buna görə də kolbasa və bekon kimi məhsulları gündəlik qida rasionuna daxil etmək məsləhət görülmür. Onların əvəzinə balıq, quş əti, paxlalı bitkilər və yağsız, emal olunmamış ətə üstünlük vermək tövsiyə edilir.
Digər riskli qida qrupu trans yağlar ehtiva edən məhsullardır. Bunlara sənaye üsulu ilə hazırlanan un məmulatları, bəzi qənnadı məhsulları, fastfud və dəfələrlə qızardılmış yağda hazırlanan yeməklər daxildir. Mütəxəssis bu məhsulları bitki yağları, qoz-fındıq, toxumlar və balıq kimi doymamış yağ mənbələri ilə əvəz etməyi məsləhət görüb.
Mütəxəssisin fikrincə, şəkərli qazlı içkilər, enerji içkiləri və desertlər birbaşa insulta səbəb olmasa da, onların müntəzəm istehlakı çəki artımı, insulin müqaviməti və ikinci tip şəkərli diabet ehtimalını yüksəldir. Bu hallar isə qan damarlarının zədələnməsi ilə əlaqəlidir.
A.Barışev alkoqollu içkilərin müntəzəm qəbulunun da təhlükəsiz olmadığını vurğulayıb. Onun sözlərinə görə, yüksək miqdarda alkoqol qəbulu qan təzyiqini və triqliseridlərin səviyyəsini artırır, həmçinin ürək ritminin pozulmasına səbəb ola bilər.
Nevroloq insultun qarşısını almaq üçün yalnız bir məhsulun qadağan edilməsinə deyil, ümumi qidalanma tərzinə diqqət yetirməyin daha faydalı olduğunu bildirib. O, tərəvəz, meyvə, tam taxıllı məhsullar, paxlalı bitkilər və balığın daha çox, yarımfabrikatlar, şəkərli içkilər və emal olunmuş ət məhsullarının isə daha az qəbul edilməsini tövsiyə edib.
Həkim sonda qeyd edib ki, düzgün qidalanma qan təzyiqinə, xolesterinə və qanda şəkərin səviyyəsinə nəzarəti əvəz etmir. Məhz bu tədbirlərin birlikdə həyata keçirilməsi insult riskini azaltmağa kömək edir.
Həmidə İbrahimova