Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton Rusiya və Ukraynada müharibəyə son qoymaq üçün "çox güclü bir istək" görür.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, hər iki ölkənin müharibədən bezdiyini və Amerika tərəfinin həll yolu tapmaqda fəal iştirak etdiyini bildirib. “Reuters” agentliyinin məlumatına görə, Tramp bu açıqlamanı xüsusi olaraq bu gün başlaması planlaşdırılan Əbu-Dabidəki üçtərəfli danışıqlar ərəfəsində verib.
"Bu barədə Əbu-Dabidə çox konstruktiv söhbət aparırıq", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Medianın ABŞ-dəki siyasi mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya və Ukrayna danışıqlardan əvvəl mümkün ərazi mübadiləsi ilə bağlı müəyyən çeviklik nümayiş etdiriblər. Lakin hər iki ölkənin rəsmi mövqeləri kökündən fərqli olaraq qalır.
ABŞ rəsmiləri iddia edir ki, hər iki tərəf kompromis potensialını nümayiş etdirir. Lakin ərazi məsələsi, ehtimal ki, razılaşmanın digər bəndləri razılaşdırıldıqdan sonra həll olunacaq.
Danışıqların əsas mövzularından biri Ukrayna üçün təhlükəsizlik zəmanətləri olacaq. Xüsusilə, Kiyevin NATO-nun 5-ci maddəsinə bənzər çərçivədə müdafiəsinin təmin edilməsi ehtimalı müzakirə olunacaq.
Qeyd edək ki, Əbu-Dabidə keçiriləcək görüş, fevral ayından bəri ilk üçtərəfli danışıqlar olacaq. Amerika nümayəndə heyətinə Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner rəhbərlik edəcək. Danışıqların iki gün sürəcəyi gözlənilir.
“AzPolitika.info”