525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bu il xarici dövlət borcu artırılacaq. Ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda duran bir sıra məsələlərlə əlaqədar müvafiq maliyyə tələbləri dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Odur ki, xaricdən borc alışının artırılması tələb olunur”.
Bunu 525.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib . O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici isə 6 milyard manat olacaq. Bu rəqəmlər 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71,4 faiz çox təşkil edir:
"Xarici borclanmanın artırılması, əlbəttə problem deyil, burada qeyri-adi heç nə yoxdur. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə desəm, dövlətin aldığı daxili və xarici borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi vardır. Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır. Məsələn, 2026-cı il üzrə dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457,6 milyon manat vəsait ayrılıb. Bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat civarında çoxdur. Hesablama Palatası "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə də məhz yuxarıda qeyd etdiyim narahatedici məqama toxunmuşdur ki, xaricdən borc alınmasının artırılması planı ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans riski mütləq nəzərə alınmalıdır. Palata qeyd olunan disbalansın borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq, manevr imkanlarını məhdudlaşdıracağı və prioritet xərcləri maliyyələşdirməyə mənfi təsir yarada biləcəyi qənaətindədir”.
Sevinc Qarayeva