Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Donor olmaq, öldükdən sonra orqanını bağışlamaq hər insana qismət olmur.
Bu, böyük savab, xoşbəxtlikdir, deyirlər. Çünki bir orqan donoru səkkiz, bəzən də on insanın həyatını xilas edə bilər.
Bu səbəbdən də düşünülür ki, insanın ən böyük mirası xilas etdiyi həyatlardır.
Lakin donor çatışmazlığı bu gün də bütün dünyanın qarşılaşdığı problemlərdəndir. Hər il yüzlərlə insan orqan gözləyərkən həyatını itirir.
"Kaspi" qəzeti ölkəmizdə transplantasiya və orqan donorluğuna münasibət, bu sahədə yeniliklərlə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ilə müsahibəni təqdim edir: - Yeganə xanım, Azərbaycanda orqan bağışlamaq istəyənlər hara müraciət etməlidir və prosedur necədir?
- Hər bir Azərbaycan vətəndaşı ölümündən sonra və canlı olaraq orqan bağışlaya bilər.
Canlı olaraq kök hüceyrə, sümük iliyi, yaxın qohumlara isə böyrək və qaraciyəri bağışlamaq mümkündür.
Orqanını bağışlamaq istəyən şəxs Orqan Transplantasiya Mərkəzinə müraciət etməlidir. Bununla bağlı xüsusi ərizə formamız var.